• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 993
— 05.04.2017 10:17

Ölkə iqtisadiyyatı qədəm qoyulan yeni mərhələdə özünü doğrulda biləcəkmi?

KepezTV Player

Ölkədə aqrar sektorda aparılan islahatlar davamlı xarakter daşısa da dünya ölkələri ilə müqayisədə hələ də geridə qalırıq. Mütəxəssislər bunun bir səbəbini təbii amillərlə bağlayır. Amma subyektiv faktorların əhəmiyyətli olduğu da istisna edilmir.   

Artıq post neft dövrü başlayıb. Buna uyğun ölkə iqtisadiyyatı yeni mərhələdə hərəkət edəcək. Lokomotiv isə aqrar sektor elan olunub. Bu sektor isə diqqətdən kənarda qalmasa da ürəkaçan inkişaf göstərməyib. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, kənd təsərrüfatı məhsulları istehsalının ÜDM-də payı, neft sektorunun ümumi iqtisadi artımda təsirinin xüsusilə gücləndiyi 2000-2010-cu illər ərzində 16,1 faizdən 5,5 faizə enib. 2010-2015-ci illər ərzində isə kənd təsərrüfatı məhsulları istehsalının ÜDM-də payı 5,5 faizdən 6,2 faizə yüksəlib. Qlobal trendə uyğun olaraq Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının ÜDM-də payı elə də böyük deyil. Dünya üzrə bu göstərici 10%-dən artıqdır.

Nicat Nəsirli- “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi: "Bir çox xarici ölkələrdə eyni vahid sahədən bir ildə iki bəzən 3 dəfə məhsul götürürlər. Ancaq Azərbaycan fermeri ildə yalnız bir dəfə məhsul götürə bilir. Bu da onunla bağlıdır ki, bizdə ikinci əkin texnologiyası tətbiq olunmur. Məhsul bir torpaqda iki dəfə yetişdirilə bilər. Amma bu gün bizim fermerlərin innovasiyaya marağının az olması, dəstəyin az olması artıq bu problemi ortaya çıxarır. Bu da nəticədə tələblə təklif arasında ciddi fərqin yaranmasına gətirib çıxarır. Tələbat artır. Amma təklif aşağı düşür”.

2016-cı ilin yekunlarına görə kənd təsərrüfatı məhsullarının ixracından daxil olan valyutamız 426 mln manat olub. Bu rəqəmi dəfələrlə artırmaq potensialımız mövcuddur. Bir şərtlə ki, iri təsərrüfat yaradaraq orada səmərəli işin təşkilinə nail ola bilsək bu sahədə olan mövcud problemlər tam olmasa da qismən aradan qalxmış olar.

Məhərrəm Hüseynov- MM-in eksperti: "Bu gün kənd təsərrüfatı məhsulları istehsalçılarının 70%-nin mülkiyyətində olan torpaq sahəsi 3ha-a qədərdir. 17%-nin 3-5ha arasıdır. Biz dedik iri təsərrüfat olmalıdır. 50 ha və ondan çox olanlar isə cəmi 0.4%-dir. Mən əleyhinə deyiləm kiçik təsərrüfatların olmasının. Çünki onlar birləşib iri istehsal kooperativi yaradır.  Kənd təsərrüfatı məhsulları istehsalçılarına həm praktiki əməli baxımdan göstərilməlidir ki,  istehsal kooperativi onlar üçün nə verə bilər. Bunun hesabına idxalı əvəz edən ixrac yönümlü məhsulların istehsalına biz nail ola bilərik".

Uzun illər aqrar sahədə çalışanlar da birgə fəaliyyətin fayda gətirəcəyi qənaətindədir.

İsmayıl Ələsgərov- aqronom: "Hər şeyi də dövlətin boynuna yıxmaq da lazım deyil. camaatın özləri də komalaşıb əgər hərənin 2-3 ha yeri varsa onları birləşdirib birgə formada hərəkət etmək daha asan olar. Hərənin torpağına uyğun öz paylarını da ala bilərlər. Planlı sürətdə iş aparılırdı. Amma indi kimin könlünə nə düşür onu da əkir. Şəmkir, Tovuz əhalisi çox qoçaqdır, işləkdir. Bakıya sarı gedəndə də fikir versəz müəyyən camaat var ki, kənd zonasında əməyə alışmayıb, işləmək istəmir".

Kənd təsərrüfatı əsas etibarilə, ərzaq təhlükəsizliyinin, məşğulluğun təmin edilməsi və ixracın şaxələndirilməsi vasitəsidir. Amma əhalinin bu sahə üzrə məşğulluq səviyyəsi aşağıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 5 il ərzində ümumi məşğulluq səviyyəsinin 6,8 faiz artımı müqabilində kənd təsərrüfatında yüksəlmə 2,5 faiz olub.

Göygölün dağlıq ərazisində yerləşən torpaqları əkinə tam yararlı torpaqlardır. Amma təəssüf ki, bu bölgədə demək olar ki, heç bir yerdə əkin üçün iş aparılmayıb.

Molla Cəllili kəndində olan ərazidə dəmyə şəraitində 1 ha-a 3 ton kartof səpilir, 40-50 ton məhsul götürülür. Ancaq digər ərazilərdə bu rəqəm 20-30 tona bərabərdir. Bu yalnız ölkənin bir rayonu üçün olan mənzərədir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkənin 8,64 milyon hektar təşkil edən ümumi ərazisinin 55 faizi ( 4,74 milyon hektarı) kənd təsərrüfatı təyinatlı torpaqlardır. Təyinatından kənar istifadəsi və digər bu kimi problemlər də torpaq resurslarının keyfiyyətinin pisləşməsinə səbəb olur. Qeyd olunanlarla yanaşı, kənd təsərrüfatında çalışan şəxslər istehsal etdikləri məhsulu satmaqda çətinliklə qarşılaşması, saxlama anbarları və satış yerlərinin kifayət qədər olmaması, həmçinin ölkədə kəndlinin məhsulunu alan emal müəssisələrinin azlığı çətinlik yaradır.  

Asəf Qasımov- iqtisad üzrə fəlsəfə doktoru: "Kənd təsərrüfatı məhsullarının istehsalını son 5 ildə inkişafını ləngidən səbəblərdən biri də əsasən onların məhsul istehsalını həyata keçirdikləri zaman satışı apara bilməməkləridir. Bu baxımdan mərkəşləşmiş satış sisteminin yaradılması gələcəkdə aqrar sahənin, aqrar iqtisadiyyatın, kənd təsərrüfatının ümumi məhsulunun artımına ciddi töhfələr verəcək".

Sadalanan çətinliklərin aradan qaldırılmasına xidmət edən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması, rayonlarda çalışan potensial istehsalçılardan məhsulu yerində alaraq mərkəzi anbara, oradan da satınalan təşkilatların ehtiyaclarını qarşılamaq üçün regionlardakı anbarlara daşınmasını təmin edir.

İsmayıl Ələsgərov- aqronom: "Fermerlərin istehsal etdiyi məhsulun əksəriyyəti xarab olurdu. Tədarük məntəqələri və bazalar yox idi. Regionlarda bazalar yaranıb. Əkdikləri məhsulun saxlanması daha çoxdur. Məhsul itkisinə yol verilməyəcək. Yəqin bununla fermerlərin dolanışığı qaydaya düşməlidir".

 “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC həmçinin əkinçilərə əkin zamanı maddi köməyin göstərilməsi və hər bir istehsalçıya istehsal etdiyi məhsulun əlində qalmaması üzrə dövlət təminatı verən avans sisteminin tətbiqinə başlayıb. Regionlar üzrə 778 nəfər fermerlə istehsal olunacaq məhsulların tədarük olunması, 509 nəfərlə isə avans verilməklə əkin işlərinin aparılması haqda müqavilələr imzalanıb. Bununla "Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı strateji yol xəritəsində də qeyd olunduğu kimi istifadəsiz, lakin kənd təsərrüfatı üçün yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz artması planlaşdırıllır.

Rza Namazov- fermer: "1998-ci ildən bu pay torpağı verilib. İndiyədək bundan istifadə edə bilmirdim. Eşitdim ki, tədarük- təchizat sistemi yaradılıb. Avans verilir. Torpaqda işlər aparmışam. Məhsulun bəri başdan 25%-ni verirlər. Məhsul yığımı bitdikdən sonra bazar qiymətinin 75%-i veriləcək".

Dövlət Statistika Komitəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, ölkədə təqribən 890 min kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyətçisinin olmasına, habelə yanacaq və motor yağlarına görə verilən dövlət yardımlarını almaq üçün müraciət edən təqribən 370 min kənd təsərrüfatı məhsulları istehsalçısının olmasına baxmayaraq, təqribən 1300 təsərrüfat hüquqi şəxs kimi, 1500 təsərrüfat isə fərdi sahibkar kimi qeydiyyatdan keçib. Qurum yalnız dövlət qeydiyyatından keçən şəxslərlə çalışır.

Füzuli Mirzəyev- kənd təsərrüfatı mütəxəssisi: "Torpaqlar paylanandan sonra sahibkar olununla necə rəftar etməlidir onu bilmirdi. İstədiyini əkə bilmirdi. Bəzilərinin pulu vardı, yeri yox idi, bəzilərinin yeri vardı, pulu yox idi. Hazırda damazlığı çıxmaq şərti ilə bütün heyvandarlığın 95-96%-i özəl sektorun əlindədir. Onun kimi üzümçülük, fındıq sahələri, pambıqçılıq sahələrininin hamısını özəl sektorun əlində cəmləşib. Deməli, istehsal olunan məhsulun faktiki sahibi var. O da həmin məhsulun zay olmasına razılıq verə bilməz. Ona görə yollar axtarır. İxracla məşğul olmağa, məhsulun artığını xaricə çıxarmağa çalışır".  

Biz əsasən meyvə və bəzi ərzaq məhsulları üzrə özümüzü təmin edə bilir, hətta xarici bazarlara ixrac edirik. Amma dənli-paxlalı bitkilər-darı (perlova), bulqur, qarabaşaq, noxud və müəyyən növ bostan məhsulları üzrə idxaldan asılılıq var. Buna görə 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsulları ixracı üzrə 200 fermerin ixtisaslaşması nəzərdə tutulur.

İmran Cümşüdov- KTN-nin Bitkiçilik şöbəsinin müdiri: "Məhsul istehsalçılarına həmin bölgəyə uyğun, müqayisəli üstünlüyə malik olan və bazarda tələbatı olan, eyni zamanda xarici bazarlara ixrac imkanları olan məhsulların yetişdirilməsinə üstünlük verilməsi tövsiyə olunur. Amma biz çalışmalıyıq ki, bu istiqamətdə işimizi daha da təkmilləşdirək. Beynəlxalq standartların tələblərinə tam cavab verən məhsul istehsal edək".

Nicat Nəsirli- “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi: "ASC qarşısında ölkə daxilində həm istehsalın stimullaşdırılması, həm də tələbat yaranarsa xaricdən həmin ərzaq məhsullarının ölkəyə gətirilməsi məsələləri qoyulmuşdur. Cəmiyyət fəaliyyətə başladığı gündən idxaldan asılı olduğumuz bir çox məhsullar üzrə idxalın azaldılması ilə bağlı fəal işlərin həyata keçirilməsinə başlayıb. Cəmiyyət Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birgə bu sahədə ciddi layihələrin həyata keçirilməsini artıq tətbiq etməyə başlayıb".

Əvvəl plansız şəkildə aparılan tədarük və təchizat sisteminin bir qurumun əlində cəmləşməsi aqrar sektorda çalışanların da sayına müsbət təsir edəcək. Bu da kəndlinin çalışdığı sahənin inkişafına təkan verəcək. Daha çox milli səviyyədə planlaşdırma metodologiyasına əsaslanan regionların inkişafı siyasətinin bundan sonra tədricən kənd yerlərinin inkişafı konsepsiyası ilə əvəzlənməsinə gətirib çıxaracağı planlaşdırılır.

 

Jalə Qurbanova