Ölkəmizdə ilk dəfə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının təbliği və tanıtımı məqsədilə regionlarda kütləvi idman tədbirləri keçirilir. Şəmkirdə təşkil edilən sərbəst və yunan-Roma güləşi üzrə yarışlar da bu münasibətlə düzənlənib.
Yarışların açılış mərasimində Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığı, ölkəmizin ev sahibliyi etdiyi nüfuzlu yarışların sayının çoxaldığı qeyd olunub. Paytaxt Bakıda Avropa Oyunları və Formula 1-dən sonra İslam Oyunları kimi mötəbər turnirin keçirilməsinin respublikamıza göstərilən yüksək etimadın təsdiqi olduğu bildirilib. Yarışın bədii hissəsində rəqs qruplarının çıxışı olub. Daha sonra birinciliyə start verilib.
18 şəhər və rayonun 200-dən çox güləşçisinin iştirak etdiyi yarışda qaliblər 12 çəkidə müəyyənləşib. Birincilikdə Şəmkir, Gəncə, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Daşkəsən, Samux, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Naftalan, Kəlbəcər, Ağdam və Xocalı idmançıları qüvvəsini sınayıb.
Vüqar İsmayılov- yarışların məsul katibi: “Bakıda çox qısa bir müddət sonra İslam Həmrəyliyi oyunları keçiriləcək. Bu təbliğatı aparmaqda məqsəd məktəbliləri bu idmana cəlb etmək,məktəblilərin öz asudə vaxtlarını səmərəli şəkildə keçirməsi və onların sağlamlıqlarını qorumaqdır”.
Ümumilikdə İslam Həmrəylik Oyunlarına həsr olunan 11 idman növü üzrə yarışlar 6 zonada keçirilir. Kütləvi idman tədbirlərinə 76 şəhər və rayonun idmançıları cəlb olunub. 9619 məktəbli bir ay ərzində keçiriləcək yarışlarda qüvvəsini sınayacaq.
Azad Rəfi
- Baxış: 475