Bu ilin fevralında erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan Xanoğlan Xəlilovun təltif edildiyi medal ailəsinə təqdim olunub. Şəmkir rayonunun Seyidlər kəndində keçirilən anım mərasimində Müdafiə Nazirliyinin əmri ilə şəhid hərbçinin layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal atası İntizam Xəlilova verilib. 20 yaşlı hərbçinin döyüş yolundan danışılıb, onun mərd, vətəni sevən bir oğul olduğu dilə gətirilib. Rayon İcra Hakimiyyətinin rəsmiləri, millət vəkilləri, Müdafiə Nazirliyinin, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüksək rütbəli zabitləri Xanoğlan Xəlilovun timsalında şəhid hərbçilərin hər kəsə nümunə sayılacaq xidməti, bölgənin ən güclü ordusuna çevrilən Azərbaycan silahlı Qüvvələrinin artan qüdrətindən söz açıblar. Məktəblilərin səsləndirdiyi şeirlərdə də bir daha vətənə, dövlət və orduya bağlılıq ifadə olunub.
Aslan Xəlilov- şəhidin dayısı: “O çox istəyirdi ki, hərbi xidmətə gedib düşmənlə üz-üzə gəlsin. Bu gün Xanoğlan şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət etsin. Vətən sağ olsun”.
Sona Əliyeva- millət vəkili: “İşğal altında olan ərazilərimiz mütləq işğaldan azad olunacaq. Bunu dəfələrlə Ali Baş Komandanımız bəyan edib. Onun təbirincə desək Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaranmasına biz icazə verməyəcəyik. Azərbaycan xalqı nə qədər sülhsevər olsa da o qədər vətəni və torpağı üçün qanından eləcə də canından keçən bir xalqıdır”.
Natiq Hüseyn
- Baxış: 1035