• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1036
— 03.04.2017 12:57

Xətasını yenə təkrarladı

KepezTV Player

Bir neçə gün əvvəl Cəlilabadda qanunsuz at və uzunqulaq əti satmaqla məşğul olan şəxs yenidən öz əməlini təkrarlayıb. Hazırda həmin şəxsə məxsus ferma nəzarətə götürülüb.

Daxil olmuş məlumat əsasında Cəlilabad rayon Baytarlıq idarəsinin və rayon polis şöbəsinin İctimai Təhlükəsizlik idarəsinin əməkdaşları Maşlıq kənd sakini Saqif Abbasova məxsus köhnə quşçuluq fermasında olublar. Fermada nəzarət baxışı keçirilən zaman adıçəkilən şəxsin digər bir neçə şəxslə əlbir olaraq yenidən at kəsdikləri məlum olub. Saqif Abbasov və əlbir olduğu şəxslər baytarlıq idarəsinin və polis əməkdaşlarının fermaya gəldiyini görərək ərazidən uzaqlaşıblar. 

Antisanitariyanın hökm sürdüyü fermada Saqif Abbasov atların kəsilib soyulması üçün xüsusi qurğular qurub. Əraziyə baxış zamanı soyulmuş at ətləri asılmış vəziyyətdə olub. Kəsilmiş at ətlərindən nümunələr götürülərək bakterioloji müayinə olunmasından ötrü Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Müayinənin nəticəsi məlum olana qədər ətlər Rayon baytarlıq idarəsinin saxlama kameralarına yerləşdirilib. Toplanmış materiallar isə aktlaşdırılaraq hüquq- mühafizə orqanlarına göndəriləcək. Artıq həmin ferma nəzarətə götürülüb və hadisə yerində xüsusi postlar qurulub. 

Vüsalə Cənnətova