Vaxtilə Malayziyanın bir hissəsi olan Sinqapur əsrarəngiz təbii gözəlliyə və zənginliyə malikdir. Buna görə də rəssamlar bu şəhəri “dəniz sahilində yatmış gözələ” bənzədirlər. Ağaclarla əhatələnən ölkədə göydələnlərdə belə yaşıllıqlara rast gəlmək mümkündür.
Şəhər-dövlət
Sinqapurun ərazisi daim genişlənməkdədir. 60-cı illərdə ölkənin sahəsi 581 kvadrat kilometr idi. Hazırda bu rəqəm 719 kvadratkilometrdən artıqdır. Ərazi genişlətmə işləri nəticəsində adanın ərazisi xeyli böyüyüb. Ölkə rəsmiləri bu işləri daha da genişləndirəcəklərini bildiriblər. Hazırda Sinqapur dövləti 63 adadan ibarətdir. Onlardan ən böyüyü əsas ada Sinqapurdur.
Zəngin ölkə
Ölkə qısa zamanda öz gücünü sübut etməyi bacarıb. Dünyanın 20-ci ən kiçik ölkəsi olmasına baxmayaraq, ən zəngin dövlətlərin siyahısında 6-cı yerdədir. ÜDM-i 239,146 milyard dollar təşkil edir. Ölkənin dünyaca məşhur Sinqapur Hava Yolları, Banyan Tree kimi brendləri var.
Mədəniyyətlər qovşağı
Sinqapur Asiyanın güzgüsü, onun sivilizasiyalara açılan qapısı, mədəniyyətlər qovşağı hesab edilir. Ölkənin gözəl təbiəti əhalisinin uzunömürlü olmasına birbaşa təsir göstərib. Burada insanlar orta hesabla 75-85 il yaşayırlar. Sinqapurda təbii artım yüksəkdir. Ölkənin qurucusu kimi tanınan, Britaniya imperiyasının dövlət xadimi Stemford Rafflz 1819-cu ildə adaya gəldikdə burada 1000 malaylı və 30 çinli olub. Hazırda isə Sinqapurun əhalisi 5.607.300 nəfərə çatıb.
Təhlükəsiz ölkə
Sinqapur dünyanın ən təhlükəsiz və qanunpərəst ölkəsi sayılır. Burada cinayət səviyyəsi dünyada ən aşağı həddədir. Şəhərin hər bir məhəlləsində gecə də, gündüz də çox rahatlıqla gəzmək olar.
Cərimələr
Sinqapur cərimələrin çoxluğu ilə də fərqlənir. Məsələn, yerə tüpürdükləri, ictimai yerlərdə siqaret çəkdikləri, zibili küçəyə atdıqları, nəqliyyatda yemək yedikləri üçün sakinləri 400 dollardan başlayan cərimələr gözləyir. Bu ölkədə gülləri düzgün sulamayanlar da cəzalandırılır. Gülləri suladıqdan sonra dibçəkdə su qalarsa, həmin şəxs cərimə edilir. Bunun səbəbi isə suyun özünə ağcaqanad cəlb etməsidir. Hökumət artıq neçə ildir ki, burada həşəratların kökünü kəsib. Və bu addımın sayəsində Sinqapur malyariya epidemiyasından xilas olub. Bu ölkədə qətl, quldurluq, oğurluq, təcavüz, vandalizm və s. cinayətlərə görə həbsdən əlavə cinayətkarlar qamış çubuğu ilə döyülmə cəzasına da məhkum edilirlər. Həmçinin Sinqapurda uşaqlara qarşı ev cəzaları da tətbiq olunur. Mağazalarda bu məqsəd üçün balaca, yüngülləşdirilmiş qamış çubuqlar satılır.
Marina Bey Sends
Sinqapurun vizit kartlarından biri unikal beş ulduzlu Marina Bey Sends kompleksi hesab edilir. Bu kompleks hündürlüyü 200 metr olan 55 mərtəbəli üç qüllədən ibarətdir. Qüllələrin damında gəmi şəklində Sky Park meydançası və onun içində 150 metrlik hovuz yerləşir. Bu meydançaya giriş haqqı 15 dollar təşkil edir. Turistlərə hovuzun yanına yaxınlaşmaq icazəsi gündə bir dəfə saat 14:00-da 15 dəqiqəlik verilir.
- Baxış: 1140