• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 01.04.2017 10:17

Yaşıl və mavinin bir arada olduğu gizli cənnət

KepezTV Player

Estoniya Şərqi Avropada yerləşən, paytaxtı Tallin olan dövlətdir. Ölkə yaşıl və mavinin bir arada olduğu gizli bir cənnəti xatırladır. Ərazisinin 52 faizi yaşıllıqlardan ibarət olan bir yer üçün bu bənzətmə əbəs yerə deyilməyib.  Estonlar uzun illər Danimarka, İsveç, Polşa, Rusiya kimi dövlətlərin boyunduruğu altında yaşasalar da, daim azadlıq arzulayıblar. SSRİ kimi böyük bir caynaqdan birinci xilas olan ölkə də Estoniya olub.

Aİ-nin üzvü

Ölkə Ümumdünya Ticarət Təşkilatının və Aİ-nin yeni üzvü kimi effektiv şəkildə müasir bazar iqtisadiyyatı siyasətini həyata keçirir. Mərkəzi Avropada adam başına düşən gəlirlərə görə yüksək göstəricilərə malikdir. 2004-cü ildə Aİ-na qatılan ölkə ittifaqdan maksimum sürətdə yararlanmağı bacarıb. Əhalisinin sayının az olmasına baxmayaraq, Estoniya öz üzərinə düşən üzvlük şərtlərini rahatlıqla yerinə yetirə bilir.

İqtisadiyyat

İqtisadiyyatı elektronika və telekommunikasiya sektoruna əsaslanır. Əsas ticarət tərəfdaşları Finlandiya, İsveç və Almaniyadır. Bizdən cəmi 2 il öncə müstəqillik qazanan Estoniyada əhalinin sayı cəmi 1,3 milyon nəfərdir. Buna baxmayaraq,  Ümumi Daxili Məhsulun həcmi təxminən bizdəki qədər – 35 milyard dollardır. İnflyasiya isə demək olar ki, yoxdur - 0.4 faiz. Estoniya nəinki keçmiş SSRİ ölkələri arasında, həmçinin dünyada korrupsiyanın ən az yayıldığı ölkələrdən hesab edilir. Ekspertlərin fikrincə, məhz iqtisadiyyatdakı bu şəffaflıq ölkənin inkişafını şərtləndirən əsas amildir. Orta aylıq əməkhaqqı 1000 avroya yaxındır.

Prioritet - İKT

Müstəqilliyini elan etdikdən sonra Estoniya İnformasiya Kommunikasiya Texnologiyası sahəsində inkişafı özünün prioriteti elan edir. Bu strateji xətti dəstəkləmək üçün Estoniya höküməti hər il dövlət büdcəsinin ən azı 1%-ni bu sahənin inkişafına yönəldir. Estoniya 2002-ci ildə ilk dəfə elektron imza, elektron vergi sistemini, 2003-cü ildə isə İD avtobus bileti xidmətini vətəndaşlarına təqdim etdi. İndi Tallində yalnız turistlər avtobusa kağız biletlər alır. Yerli sakinlər isə şəxsiyyət vəsiqəsi ilə gediş haqlarını ödəyirlər.

Ardıcıl olaraq elektron səsvermə, elektron polis, elektron səhiyyə, elektron məktəb, Elektron Dövlət xidmətləri və s. sistemlər vətəndaşlara təqdim edildi. Bu xidmətlərin tətbiqi dövlət orqanları ilə vətəndaşların əlaqəsini asanlaşdırsa da, məmurlarla bilavasitə kontaktı minimuma endirib.

 

İnternet

Hazırda əhalinin 80 faizi internet istifadəçisidir. Yaşayış evlərinin 83 faizi, məktəblərin isə 100 faizi internetlə təmin olunub, ictimai yerlərdə 1200-ə yaxın pulsuz Wi-Fi məntəqəsi fəaliyyət göstərir ki, bu məkanlarda internetdən pulsuz yararlanmaq mümkündür. Hətta konstitusiyasında "internetdən pulsuz istifadə etmək bir vətəndaşın haqqıdır" maddəsi olan yeganə ölkə Estoniyadır. Evlərə çəkilən genişzolaqlı internetin qiyməti də çox ucuzdur. Əbəs yerə deyil ki, Skype, Kazaa, GrabCAD kimi məşhur proqramlar Estoniyada yaradılıb.  

Mədəniyyət və turizm

Estonlar mədəniyyətlərinə  bağlı xalqdır. Eston xalq mahnıları arxivində 133 min mahnı qeydə alınıb və bu göstərici ilə ölkə dünyada birincidir. Tallin şəhərində yerləşən qədim şəhər UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Estoniyanı gedib gəzmək isə elə də çətin deyil. Burada hotellərin qiymətləri münasibdir. Hər zövqə və hər imkana uyğun qiymətlər təklif edən yerlər var. Üstəlik bu çox təhlükəsizdir. Estoniya Avropada cinayətkarlığın ən aşağı səviyyədə olduğu ölkələrdəndir.