• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1732
— 31.03.2017 16:58

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qruplarının ölkə birinciliyində növbəti mövsüm sona yaxınlaşır

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qruplarının ölkə birinciliyində növbəti mövsüm sona yaxınlaşır. Yarışlarda mübarizə əsas həlledici mərhələyə qədəm qoyub. Sabah Tovuzda qərb regionu üzrə 2-ci pley-off mərhələsinin oyunlarına start veriləcək.

2 gün davam edəcək bu mərhələnin oyunlarında Gəncə, Şəmkir, Tovuz, Ağstafa və Qazax təmsilçiləri qüvvəsini sınayacaq. 5 yaş qrupunu əhatə edən birincilikdə zona mərhələsindən vəsiqə qazanan 10 komanda çıxışını davam etdirir. Pley-offda 10, 11, 12, 13 və 14 yaşlı futbolçulardan ibarət komandalar yarışacaq. Tovuz şəhər stadionunda keçiriləcək oyunlarda Gəncədən “Kəpəz” futbol klubu, Təhsil İdman Mərkəzi və Gənclər İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin komandaları mübarizə aparacaq. “Kəpəz” pley-offda U-14 və U-12 kollektivləri ilə təmsil olunur.

Fuad İsmayılov- “Kəpəz”in U-14 komandasının baş məşqçisi: “Bu uşaqların zamana ehtiyacı var. 3 aya yaxındır ki, bu yaş qrupu ilə işləyirəm. Çatışmazlıqların çoxunu aradan qaldırmışıq. Çalışırıq ki, özlərində inam yaradaq. Əvvəlcə futbolçularda ruh düşkünlüyü vardı, yavaş-yavaş bu da düzəlir”

Təhsil İdman Mərkəzinin Gəncə filialı qərb regionu üzrə həlledici mərhələdə 5 yaş qrupunda 9 komanda ilə çıxış edəcək.

Orxan Verdiyev- “Azəri TİM” komandasının baş məşqçisi: “U-10, U-11, U-12 liqasında iddialıyıq. Amma ən çox üstünlüyü 11 yaşlılara vermişik. Hansı ki, onlar ilkin seçmə mərhələdə 16 oyundan 16 qələbə ilə birinci yeri tutmuşdular. Təbii ki, məqsədimiz bu mərhələni də keçib finala vəsiqə qazanmaqdır”

Xatırladaq ki, qərb regionunda Gəncə zonası üzrə yarışlar ötən ilin may aylarından başlayıb və birincilikdə Nizami Yurdunun təmsilçiləri ilə yanaşı, Göygöl və Kəlbəcər rayonlarının komandaları da mübarizə aparıb. 5 ay davam edən seçmə mərhələdə 5 yaş qrupu ümumilikdə 54 kollektiv qüvvəsini sınayıb.

Azad Rəfi