• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1777
— 31.03.2017 12:43

Samuxda termal turizmin inkişafını nə ləngidir?

KepezTV Player

Samux rayonu ərazisində mövcud olan yeraltı qaynama suları müxtəlif xəstəliklərin müalicəsi üçün yalnız yerli əhali tərəfindən istifadə olunmaqdadır. Burada müasir standartlara cavab verən müalicə ocaqlarının olmaması, həmçinin yerli və beynəlxalq səviyyədə termal suların təbliğinin aparılmaması rayonda termal turizminin inkişafının da qarşısını alır. Mütəxəssislər isə insanları yeraltı suları müəyyən məqsədlər üçün istifadə edərkən diqqətli olmağa çağırır.

Tofiq Babayev-  Samux sakini: “İsti sudur, tərkibində duz da var, qaz da. Müalicəvi sudur, qaşınmaya çox xeyirlidir. Mədə ağrılarına xeyirlidir. Əsasən yay aylarında şəhərdən, kənddən gəlib yuyunurlar, çox yaxşı sudur”.

Samux rayon sakini Tofiq Babayevin yaxşı su dediyi bu yeraltı qaynama artıq uzun illərdir Hacallı kəndi ərazisində iqtisadi xeyir gətirmədən axmaqda davam edir. Dediyinə görə, tərkibi müalicəvi əhəmiyyətli olan sudan çox insan şəfa tapıb, əsasən də dəri xəstəliklərindən əziyyət çəkənlər. Amma dərdlərə dava sayılan termal sular nədənsə səmərəli şəkildə istifadə olunmur.

Şəhla Abdullayeva- Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Samux rayon əməkdaşı: “Biz dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişdik ki, Şəmsizadə adlı ərazidə çıxan müalicəvi əhəmiyyətli, neft tərkibli su revmatizmaya və dəri xəstəliklərinə köməklik edir. Orada bir turizm ocağı yaradılsın. Ancaq hələ ki, bu məsələnin həlli ilə bağlı hər hansı bir irəliləyiş yoxdur. Hazırda həmin ərazidə kiçik bir müəssisə yaradılıb, sahibkar tərəfindən işlədilir”.

Samux rayon ərazisində kifayət qədər müalicəvi əhəmiyyət daşıyan termal sular mövcud olsa da bundan səmərəli istifadə olunmur. Səbəb isə yeraltı suların əhəmiyyəti haqqında insanlar arasında təbliğatın aparılmamasıdır. Elə rayonun Əlibayramlı kəndi ərazisində uzun müddətdir ki, fəaliyyət göstərən Şəmsizadə adlı ərazidə tibb ocağı müştəri qıtlığından əziyyət çəkir. Hazırda müəssisə bu səbəbdən fəaliyyətini dayandırıb.

Qərb bölgəsində termal suları və bulaqları araşdıran AMEA-nın Gəncə Bölməsinin Alternativ enerjidən istifadə laboratoriyasının müdiri Vəfa Məmmədovanın sözlərinə görə, bu kimi yeraltı suların əksəriyyəti müalicəvi əhəmiyyət daşısa da içmək üçün yararsızdır. Mütəxəssis Samux rayonu ərazisində illərdir insanların müalicə məqsədilə içərək istifadə etdiyi Düldül bulağı, Laxbulağı kimi tanınan yeraltı termal suların heç də normativlərə uyğun olmadığını da sözlərinə əlavə edir.

Vəfa Məmmədova- AMEA-nın Gəncə Bölməsinin Alternativ Enerjidən istifadə Laboratoriyasının müdiri: “Biz həmin bulaqların sularını analizə verdikdə gördük ki, həmin suyun tərkibinin heç bir müalicəvi effekti yoxdur. Əksinə həmin suyun təkibində insan sağlamlığına zərər verən həm kaliforn, həm də saprafit bakteriyaları miqdarı yüksək səviyyədədir. Buna görə də həmin sudan müalicə üçün istifadə etmək olmaz”.

Vəfa Məmmədova həmçinin yeraltı termal suları müalicə məqsədilə istifadə edən zaman insanları mütləq həkim rəyinə əməl etmələrini tövsiyə edir. Əks təqdirdə şəfa arxasınca getdiyiniz yeraltı su mənbələri sizin sağlamlığınız üçün təhlükə yarada bilər.

Xaliq Qurbanlı