• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 898
— 30.03.2017 13:02

Yol qəzası bir ailənin faciəsinə çevrildi

KepezTV Player

Sumqayıt şəhəri ərazisində ağır tonnajlı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Paytaxtın Sabunçu rayonunda isə bir gecədə iki piyada vurulub.

Ölümlə nəticələnən ağır qəza Bakı-Quba yolunun 63-cü km-də qeydə alınıb. Hadisə “Man” markalı ağır tonnajlı yük avtomobili və “VAZ 2106” markalı minik avtomobilinin iştirakı ilə baş verib. Nəticədə VAZ-ın sürücüsü, 59 yaşlı Tərlan Dadaşov dünyasını dəyişib, həyat yoldaşı və oğlu isə ağır vəziyyətdə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Məlumata görə, Quba istiqamətinə gedən yük maşını ötmə əməliyyatını düzgün yerinə yetirməyib, nəticədə onunla eyni istiqamətdə hərəkət edən minik avtomobilinə çırpılıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.

Bakının Sabunçu rayonunda piyadaların vurulması ilə nəticələnən iki hadisə qeydə alınıb. Ramana qəsəbəsi İlqar Əliyev küçəsində yolu keçmək istəyən 55 yaşlı Minayə Quliyevanı avtomobil vurub. Sürücü özü piyadanı xəstəxanaya çatdırıb. Yaralıya dərhal tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olduğundan palataya yerləşdirilib. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Sürücü ifadəsi alınması üçün polis idarəsinə aparılıb.

Digər hadisə də Ramana qəsəbəsi ərazisində, Şuşa şəhərciyində baş verib. Yaşadığı evdən küçəyə çıxan 31 yaşlı Mehran Balakişiyevi naməlum avtomobil vurub. Yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Həkimlər Mehran Balakişiyevin kəllə-beyin travması aldığını bildiriblər.

Faktlarla əlaqədar araşdırmalara başlanılıb.

Zülfiyyə Telmanqızı