Şəmkirdə avtovağzal yoxdur. Əhaliyə xidmət göstərən ictimai nəqliyyat vasitələri də yararsızdır. Rayonda sərnişindaşıma ilə bağlı mövcud problemi növbəti sujetdə təqdim edirik.Şəmkir rayonunun mərkəzində hər gün sərnişinlərin narazılıq səsi yüksəlir. Səbəb adı olub fəaliyyətindən əhalinin istifadə etmədiyi avtovağzaldır. Bu üzdən də sərnişin daşıyan nəqliyyat vasitələri pərakəndə şəkildə fəaliyyət göstərir.
Natiq Allahverdiyev- sakin: “Bura avtovağzal deyil, zibilxanadır. Bura fikir vermək lazımdır. Şəmkirimi bütün Azərbaycan tanıyır. Gərək Şəmkirin avtovağzalı belə olmaya. Şəmkirin avtovağzalı öz Şəmkirliliyini bildirməlidir. Çox natəmiz və bərbad haldadır”.
Şəmkirdə avtovağzal olmadığından sərnişinlər bu cür pərakəndə şəkildə dayanacaqlardan istifadə edir. Bu isə dar küçələrdə digər nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaradır.
Elçin Babayev- sürücü: “Avtovağzalın belə olması sərnişinlər üçün narahatçılıqdır. Yəni bir yerdən toplanıb minmirlər. Biz yol boyu yığa-yığa gedirik. Küçəyə stadionun yanına müəyyən yerlərə çıxırlar”.
Görüntülər də əlavə şərh üçün yer qoymur. Belə vəziyyətdə olan avtovağzaldan kimsənin istifadəsi isə reallıqdan çox uzaqdır. Çəkilişin aparıldığını görüb əl-ayağa düşən avtovağzal işçiləri ərazidə təmizlik aparmağa başlasalar da bu zibil qalıqlarının yandırılaraq ekologiyaya ziyan vurulması yolu ilə edildi. Avtovağzal rəsmisi isə mövcud vəziyyəti tamam başqa formada dəyərləndirir.
Nəriman Mövsümov- perron nəzarətçisi: “Sərnişin zəifdir. Bəzi marşrutlar var ki, heç avtovağzala daxil olmur. Məsələn, Seyfəlidir və digər kənar marşrutlardır. Düzdür, Şəmkir rayonuna bu cür avtovağzal yaraşmır”.
Əhalinin problemi tək avtovağzalla bitmir. Rayon sakinləri həm də ictimai nəqliyyat vasitələrinin sayının azlığından və əksər mikroavtobusların yararsız vəziyyətdə olmasından şikayətlənirlər.
Sahib Ələkbərov- sərnişin: “Əhali əziyyət çəkir. Gedib, gəlir yollarda qalır. Bayaq avtobus dolu idi, mən yerdə qaldım. Əhalinin xahişi budur ki, bizə iri bir yeni avtobus ayırsınlar”.
Rayonda ictimai nəqliyyat vasitələrinin yenilənməsi barədə sahibkarlar qarşısında konkret tələb qoyulub. İlin sonunadək bu məsələ öz həllini tapmalıdır. O ki qaldı mövcud avtovağzalın durumuna...
Əli İsmayılov- 10 saylı Şəmkir Regional MMC-nin rəisi: “Həqiqətən o avtovağzal deyilən ərazi günün tələblərinə cavab vermir. Biz bununla bağlı dəfələrlə həm yazılı, həm də şifahi olaraq avtovağzalın rəhbərliyinə xəbərdarlıq etmişik. Ancaq hələlik müsbət nəticə yoxdur”.
Bununla belə Şəmkirdə müasir avtovağzalın inşası gündəmdədir. Lakin prosesə nə vaxt başlanılacağı hələlik məlum deyil.
Natiq Hüseyn
- Baxış: 1861