• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 916
— 29.03.2017 15:16

Göygöldə meşə sahələri meyvə ağacları ilə genişləndirilir

KepezTV Player

Aqromeşə massivində müxtəlif növdən olan meyvə ağaclarının əkilməsində məqsəd kənd təsərrüfatına dəstək və rayonda meyvəçiliyin inkişaf etdirilməsidir.

Aqromeşə müxtəlif səbəblərdən məhv olan meşə ərazilərində salınır. Bir müddət əvvələ qədər bərpa məqsədiylə palıd və çinar tinglərinin əkini aparılırdısa indi istiqamət dəyişdirilib. 100 ha-dan artıq boş sahədə qoz, alma, armud, tut, gavalı kimi meyvə ağaclarının əkilməsinə qərar verilib. Yaşıllıqların artırılması Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən aparılır.

Sahib Həsənov- Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin baş meşəbəyisi: “Əsasən biz relyefə uyğun olaraq 10 hektar ərazidə tut tingləri, 30 hektar ərazidə isə qoz tingləri əkəcəyik. Demək olar ki, torpaq qazma işləri tam hazırdır və başa çatdırılıb. Hal- hazırda əkin işləri aparılır”. 

Meşə massivinin qorunması, ağacların qırılmasının qarşısını almaq və heyvanların mühafizə olunan əraziyə girişinə imkan verməmək üçün də tədbirlər görülür.

Əslində meşələrin bərpası üçün tək ağac əkmək yetərli sayılmır. Çünki əkilən ağacların qorunması üçün müəyyən tədbirlər həyata keçirmək lazımdır. Bunun üçün Göygöl Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi əkilən ağacların qorunması üçün 6 min metrdən çox çəpərləmə işləri həyata keçirib.

Ümumilikdə ilin sonuna kimi 350 hektara yaxın meşə massivinin  bərpası həyata keçiriləcək.

Azad Şirinov- meşə gözətçisi: “Ağac əkildikdən sonra suvarılmasıdır, diblərinin boşaldılmasıdır, alaq otlarından təmizlənməsidir, qurumaması üçün əlimizdən gələn edirik”.

Göygöldə 11 min 400 hektar meşə ərazisi var.

Elton Cabbarlı