• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1428
— 28.03.2017 10:09

Dünyanın ən zəngin ailələrindən olan Rokfellerlər

KepezTV Player

David Rokfeller ötən həftə Nyu-Yorkda dünyasını dəyişdi. 6 dəfə ürək, 3 dəfə böyrək, 2 dəfə isə ağciyər dəyişdirən milyarderin arzusu 200 yaşa çatmaq olsa da o, buna nail ola bilmədi.

Dünyanın ən zəngin ailələrindən olan Rokfellerlər Almaniyadan ABŞ-a mühacirət ediblər. XIX əsrin sonlarına doğru Con, Uilyam və Franklin Rokfeller qardaşlarının "Standart Oil Company” vasitəsilə neft biznesində qazandıqları varidat bu ailəni dünyada əsas söz sahiblərindən birinə çevirib.

Dünyada ilk milyarder

Maraqlıdır ki, dünyanın ilk milyarderi Con Rokfellerdir. 1937-ci ildə ölümü zamanı onun varidatı 1,4 milyard dollar idi.  Bu indiki ekvivalentdə təxminən 350 milyard dollardır. Rokfellerlərin hazırkı maliyyə vəziyyəti haqqında dəqiq məlumat verilmir. Bununla bağlı araşdırma aparmaq istəyənlərə isə ailə arxivləri bağlıdır.

Xeyriyyəçi?

Rokfellerlər Fondu ilk günlərdən bir çox sahələrə yardım göstərir. Bu gün ABŞ və dünyada bu ailənin təmsilçiləri ən böyük xeyriyyəçilər kimi tanınır. Ailənin maliyyə dəstəyi göstərdiyi sahələr arasında təhsil sektoru və beyin mərkəzləri xüsusi yer tutur. Rokfeller Fondu ABŞ-da və Avropada bir çox məşhur universitet və kollecə maliyyə yardımı göstərir. Bu təhsil müəssisələrində xüsusi tədqiqatlar, o cümlədən bir çox Nobel mükafatı namizədlərinin tədqiqatları həyata keçirilir. Harvard, Yel, Korneli, Kolumbiya, Massaçusets Texnoloji Universiteti, London İqtisadiyyat məktəbi başlıca benefisiarlardır.

Siyasətə təsir imkanları

Diqqəti cəlb edən başqa bir məqam isə Rokfellerlərin beynəlxalq siyasətdə tutduqları mövqe və ABŞ-ın xarici siyasətinə təsir imkanlarıdır. Rokfellerlər daha çox pərdəarxası siyasi proseslərdə iştirak edir, dünyanın siyasi fikrinə təsir edə biləcək təşkilatları dəstəkləyirlər. Bunlardan biri Bilderberq klubudur. İctimaiyyət üçün bağlı olan bu klubda iştirakçıların üçdə biri hökumət və siyasətçilər, qalanı isə maliyyə, sənaye, təhsil, aparıcı media-holdinqlərin nüfuzlu şəxsləridir. Bilderberq klubunun daimi üzvlüyü isə mövcud deyil. Hər il idarəedici komitə iclasa yüzə yaxın insan dəvət edir, onlardan hər biri sirri qorumaq barədə öhdəlik götürür. Marqaret Tetçer, Bill Klinton, Toni Bleyer, Angela Merkel, Henri Kissencer, Donald Ramsfeld klubun üzvü olublar. 1954-cü ildə ilk iclası keçirilən bu təşkilatın məqsədi artan kommunizm təhlükəsi qarşısında Avropada antiamerika meyllərinin qarşısının alınması, ABŞ və Qərbi Avropanın vahid atlantizm ideyalarına xidmət, siyasi, iqtisadi, müdafiə məsələləri sahəsində əməkdaşlığın müzakirəsidir. Bu klubu bəzən gizli dünya idarəetmə sisteminin əsas mərkəzi hesab edirlər. Lakin bu fakt təsdiqini tapmayıb.

Beyin mərkəzləri

Rokfellerlərin xüsusi maraq göstərdiyi sahələrdən biri də beyin mərkəzləridir. XX əsrin əvvəllərində ABŞ-da yaranmış Brookinq İnstitutu II dünya müharibəsindən sonra Rokfeller və Ford Fondu tərəfindən göstərilən maliyyə yardımı sayəsində ayaqda durmağı bacarıb. ABŞ-SSRİ, ABŞ-Çin münasibətləri ilə bağlı bu beyin mərkəzinin hazırladığı məlumatların ölkələrarası siyasi kursu müəyyənləşdirdiyi güman edilir. Şuranın "Foreign Affairs” jurnalı dünyanın beynəlxalq münasibətlər üzrə əsas siyasi nəşri hesab olunur. Şura üzvləri arasında Corc Buş, Cimmi Karter, Dik Çeyni, Maykl Blumberq, Bill Klinton, Mixail Qorbaçovun adını çəkmək olar.

Rokfellerlərin əsas maliyyə aləti olan "Chase Manhattan Bank” hazırda ABŞ-da ikinci ən böyük bankdır. Dünya maliyyə sisteminin nüfuzlu mərkəzlərindən olan "Citibank” da onların nəzarətindədir.