• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 963
— 28.03.2017 00:06

"Yol terroru" yenə can aldı

KepezTV Player

 Mənzil başına tələsənlər qəzanın tələsinə düşdülər. Ucar, Qusar və Qaxda baş verən hadisələr can aldı. Sağlamlığından olanlar da var.

Ucarda iki yük avtomobilinin toqquşması sürücülərin birinin həyatına son qoyub. Ağır qəza Bakı-Qazax magistralının Müsüslü kəndindən keçən hissəsində baş verib. Sumqayıt sakini, 41 yaşlı Fərrux Ramazanovun idarə etdiyi "Hyundai" markalı, çörəklə dolu yük maşını eyni istiqamətdə hərəkətdə olan, Gədəbəy rayonu Qaradağ kənd sakini, 30 yaşlı Yaşar Hüseynovun idarə etdiyi “Howo” markalı maşına arxadan çırpılıb. Nəticədə "Hyundai"ın sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb. Maşında sıxılmış vəziyyətdə qalmış meyit Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Quba-Qusar yolunda da ölümlə nəticələnən qəza baş verib. Yolun 7-ci kilometrliyində “VAZ 2107” və "BMW" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər həyatını itirib. Dünyasını dəyişənlər VAZ-da olan 34 yaşlı Ruslan Şahmirzəyev və Novruz Vahidlidir. Qəzada daha 5 nəfər isə xəsarət alıb. Yaralılar – Quba sakini 33 yaşlı Malik Həmidov, Qusar sakinləri - 40 yaşlı Ceyhun Allahverdiyev, 27 yaşlı Faiq Məmmədov, 31 yaşlı Albert Rəhimov və 29 yaşlı Elçin Salmanov Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 3-ü tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Xəsarətləri ağır olan Malik Həmidov və Ceyhun Allahverdiyev isə Reanimasiya şöbəsinə yerləşdirilib. İlkin ehtimallara görə, hadisə dumanlı hava şəraitinə uyğun sürət rejiminin seçilməməsi səbəbindən baş verib. Qaxda qeydə alınan qəzada isə bir nəfər ölüb, bir nəfər yaralanıb. Yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi magistral yolunun 98-ci kilometrliyində, Qarabaldır kəndi ərazisində baş verib. Bakı sakini 48 yaşlı İsa Səfərov "Mercedes" markalı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarına aşırıb. Avtomobildə olan Qax rayon Zərnə kənd sakini, 23 yaşlı Elnarə Abdurəhmanova aldığı ağır bədən xəsarətlərdən hadisə yerindəcə keçinib. Sürücü isə müxtəlif xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti kafidir. Faktlarla bağlı araşdırma aparılır.
 

Zülfiyyə Telmanqızı