• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 27.03.2017 16:30

Gəncədə sərbəst güləş üzrə birincilik keçirilib

KepezTV Player

Yarış Novruz bayramı günlərində məktəblilərin asudə vaxtının səmərəli təşkilinə yönəlib.Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialı tərəfindən yerli Olimpiya İdman Kompleksində düzənlənən turnir idmançıların təntənəli keçidi ilə başlayıb. Rəsmi hissədə güləşin xalqımızın milli idman növləri arasında tutduğu mövqedən bəhs olunub. Azərbaycanlı pəhləvanların dünya və Avropa çempionatı, eləcə də Olimpiada və digər müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandığı nəticələrdən söz açılıb. Gəncənin ölkə güləşinə Aydın İbrahimov kimi ilk azərbaycanlı dünya çempionu, Toğrul Əsgərovun timsalında isə olimpiya çempionu bəxş etdiyi fəxr hissi ilə vurğulanıb. Yeniyetmə pəhləvanların zəngi sədası altında nümunəvi çıxışları yarışa xüsusi rəng qatıb. Açılış mərasimindən sonra görüşlərə start verilib. Yarış açıq xarakter daşıdığından xalça üzərində Təhsil İdman Mərkəzinin güləşçiləri ilə yanaşı, 1 və 2 saylı Uşaq Gənclər İdman Məktəbi, həmçinin Yevlax təmsilçiləri bacarığını nümayiş etdirib.
Yarış 13 çəki dərəcəsində təşkil olunub. Mükafatlar uğrunda 6 komandanın tərkibində yer alan 130 güləşçi mübarizə aparıb. Birinciliyin nəticələrinə əsasən, 23 kq çəki dərəcəsində Həsən Həsənov, 26 kq-da Vasif Bağırov, 29-da Bəşir Verdiyev, 32-də Hüseyn Tağıyev, 35-də Elşən Babayev, 38-də Salman Əliyev, 42-də İlkin Qənbərov, 46-da İbrahim Quliyev, 50-də Toğrul İsmayılov, 54-də Ayşad İsayev, 58-də Toğrul Yusifov, 65-də Murad Hüseynov və 70 kq-da Asif Abbasov bütün görüşləri qələbə ilə başa vurub. Mükafatçılara tutduqları yerlərə uyğun medal və diplom verilib.

Azad Rəfi