• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 27.03.2017 13:23

Yol qəzaları ağır nəticə verdi

KepezTV Player

Masallıda iki maşının toqquşması bir nəfəri həyatından edib. Rayon ərazisində baş verən digər qəzada isə piyada qadın qurban olub. Təəssüf ki, yollardan gələn bəd xəbərlər bununla bitmir...

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Ələt-Astara magistralının Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayonu Göytəpə şəhər sakini, 36 yaşlı Mirqoşqar Mürsəlovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Masallı rayonu Seybətin kənd sakini, 37 yaşlı Rəhim İsmayılovun sükanı arxasında olduğu “Mercedes” toqquşub. Nəticədə "VAZ"-ın sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə ağır vəziyyətdə Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Rayon ərazisində baş verən digər qəzada isə piyada həyatını itirib. Əslən Şuşa rayonundan olan, Masallıda məskunlaşmış məcburi köçkün, 40 yaşlı Vəsilə Cavadova yolda təmizlik işləri apararkən Ərkivan qəsəbə sakini Əzizəli Həşimovun idarə etdiyi “Qazel” markalı maşınla vurulub. Piyada aldığı çoxsaylı bədən xəsarətlərindən yerindəcə keçinib. Qəzanı törədən sürücü hadisə yerindən qaçsa da, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində saxlanılıb.

Piyadanın vurulması ilə nəticələnən daha bir qəza Kürdəmirdə qeydə alınıb. Bakı-Qazax magistralının 180-ci kilometrliyində, Karrar kəndi ərazisində Qax sakini 36 yaşlı Rəsul Yusifov idarə etdiyi "Mercedes" markalı yük maşını ilə yolu keçən 19 yaşlı Hilal Qəniyevi vurub. Ağır xəsarətlər alan piyada Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Lənkəranda baş verən yol qəzasında da piyada xəsarət alıb. Hadisə Ələt-Astara magistralının rayonun Qumbaşı kəndindən keçən hissəsində baş verib. Astara istiqamətində hərəkətdə olan "Ford" markalı mikroavtobus yolu keçmək istəyən Masallı rayonu, Qızılağac kənd sakini, 51 yaşlı Salman Quliyevi vurub. Sürücü yaralını dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Piyada hadisənin baş verməsində özünü günahkar bilib və yolu keçmək istəyərkən sürücünü çaşdırdığını söyləyib.

Bakı-Qazax magistralının Tovuz rayonu Quşçu kəndi ərazisindən keçən hissəsində minik maşını sərnişin avtobusu ilə toqquşub. Qəza Məmməd Bəkirovun idarə etdiyi, Qazaxdan Bakıya sərnişin daşıyan avtobus və Tovuz rayon sakini, 58 yaşlı Elman Museyibovun sükanı arxasında olduğu “Jeep”in iştirakı ilə baş verib. Qəza zamanı minik maşınının sürücüsü ağır xəsarət alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib. Museyibov avtomobildən çıxarılaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzaların səbəbləri araşdırılır.

Zülfiyyə Telmanqızı