Xalqımızın milli adət- ənənələrini özündə əks etdirən Novruz bayramı Kəlbəcərdən olan məcburi köçkünlərlə yanaşı, Göygöl və Samux sakinləri tərəfindən təntənə ilə qeyd edilib. Çatılan bayram tonqalları, milli mətbəxin nümunələri, məzəli çıxışlar xoş ovqat yaradıb.
Samux rayonunda Novruz bayramı ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda baş tutub. Bayram təbrikləri səslənib. Xalqımıza əmin-amanlıq, bol ruzi, firavan həyat arzulanıb. Novruzun dünya Azərbaycanlıları tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunan ən əziz bayram olduğuna diqqət çəkilib. Bayramda xalqımızın adət- ənənəsi, milli dəyərləri əksini tapıb. Çaparların gətirdiyi məşəl vasitəsiylə bayram tonqalı alovlandırılıb. Qonaqlar, Dədə Qorqud, Bahar qız burada yaradılan və məişətimizi, mətbəximizi əks etdirən pavilyonlarla tanış olub. Qədim məişət əşyaları, milli geyimlər, Novruz atributları, yaradıcı uşaqların əl işlərindən ibarət sərgi, idmançıların çıxışları, şən mahnılar, şux rəqslər bayram əhval- ruhiyyəsini daha da artırıb.
Göygöldə isə Novruz bayramı şəhər stadionunda keçirilib. Şənlikdə bayram təbrikləri, ən xoş istəklər, arzular səslənib. Bayramda xalqımızın torpağa məhəbbəti, yurd sevgisi, vətən eşqi, adət- ənənəmiz əks olunub. Tədbiri Novruzun atributları, keçəl kosanın şən zarafatları, əyləncəli oyunlar daha da yadda qalan edib. Göygöl mədəniyyət işçilərinin bayram münasibəti ilə təqdim etdikləri rəngarəng konsert proqramı iştirakçılara xoş anlar yaşadıb, bayram tonqalı alovlanıb, ətrafında şən rəqslər, ədəbi- bədii kompazisyalar, idmançıların nümunəvi çıxışları təqdim olunub.
Kəlbəcərli məcburi köçkünlər də Novruzu bayram edib. 1500 ailənin məskunlaşdığı şəhərcikdə bayram gəzintisi olub. Sac üstə salınan yuxanın, nehrədə çalxalanan yağın dadına baxılıb, rayonun aşıqlarının el havaları, idmançıların nümunəvi çıxışları maraqla izlənilib. Həmçinin rayon məktəblilərinin əl işlərinə, incəsənət məktəbinin Xor kollektivinin çıxışına, eləcə də rayon ustalarının düzəltdikləri sazlara tamaşa edilib. Novruz meydanında yandırılan bayram tonqalından sonra təbriklər çatdırılıb. Ozan dədənin, Bahar qızın bayrama qatılması, eləcə də Novruzun atributları olan Kosa və keçəlin məzəli əhvalatları xoş anlar yaşadıb. Bayram şənliyi rayon incəsənət ustalarının ifaları, rəqs kollektivlərinin çıxışı ilə davam edib.
Natiq Hüseyn
- Baxış: 1725