Baş tutan qarşılaşmalardan sonra 1/4 finala yüksələn bütün komandaların adlarına aydınlıq gəlib.8 oyundan 3-ü saat daha erkən başlayıb bu matçlardan birində “Beşiktaş” “Olimpiakos”u qəbul edib. Yunanıstandan sərfəli nəticə ilə dönən İstanbul təmsilçisi möhtəşəm qələbə ilə 1/4 finala adlayıb. Oyunun əvvəlində Vinsent Abubakarla hesabı açan qara qartal bir qədər keçmiş Rayan Babellə hesab arasındakı fərqi artırıb. Yavaş-yavaş start həyəcanını geridə qoyan qonaqlar tədricən özlərinə gəlməyə başlayıblar. Və irəli atılan komanda 31-ci dəqiqədə qol vurub. Tarik Əlyunussi fərqlənib. İlk hissənin sonralarına doğru “Beşiktaş” Abubakarı qırmızı vərəqəyə görə itirib. Amma meydanda 10 nəfərlə qalmaq da türklərə mane olmayıb. Əksinə komanda ikinci hissədə daha iki qol vurmaqla hesabı artırıb. 75-ci dəqiqədə Babel Yunanıstan klubunun növbəti mərhələ şansının üstündən xətt çəkib. 84-cü dəqiqədə isə Cenk Tosun oyunda son nöqtəni qoyub 4:1.
Dumanlı albionda keçirilən "Mançester Yunayted" - "Rostov" oyunu da gecənin diqqət mərkəzində olan görüşlərindən biri olub. Old Trafordda azarkeşlər gərgin rəqabətə şahidlik ediblər. Rusiyada 1:1 hesabı ilə bərabərə qalan tərəflərin cavab matçında ev sahibləri qalib gəlib. Qırmızı şeytanlar doğma meydanda tək qolla rəqibindən üstün olub. Maurinyonun yetirmələrinin çətinliklə qazandığı qələbədə qolu Xuan Mata vurub. Oyunda dönüş yaratmaq üçün rusların imkanı olsa da, MYU-nun qapıçısı mövqeyində inamlı oynayıb.
Rusiyanın digər təmsilçisi “Krasnodar” da Avroliqada mübarizəni dayandırıb. İspaniya səfərində 2:1 hesabı ilə uduzan komanda evdə də “Selta” ilə bacarmayıb. Viqolular 2 cavabsız qolla mərhələ adlayıb. Hər iki məhsuldar zərbə fasilədən sonraya təsadüf edib. Öncə Huqo Mallo, daha sonra İaqo Aspas Krasnodarın qapısına yol tapıb.
Gecənin ən gərgin mübarizə vəd oyunlarından biri İtaliyada keçirilib. Burda yerli "Roma" - "Lion" ilə üz-üzə gəlib. Fransada 4:2 hesabı ilə uduzan canavarlar “Olimpiko”da bunun əvəzini çıxmağa çalışıblar. Amma qonaqlar Muxtar Diakabi ilə hesabı açan tərəf olmaqla “Roma”ya şok yaşadıblar. Bu qolla mərhələni böyük ölçüdə əldən qaçıran italyanlar oyun qalan vaxtında iki qol vurmaqla təsəlli qələbəsi qazanmağı bacarıblar. İlk yarıda Kevin Strotmanla bərabərliyi yaxalayan romalılar ikinci 45 dəqiqədə Lukas Tusarın avtoqolu ilə hesabda önə keçib və sonda nəticədə matçdan qalib ayrılıblar.
"Ayaks" da qələbə qazananlardan olub - 2:0. İlk oyunda Danimarkada 2:1 hesabı ilə Kopanhagenə məğlub olan Hollandiya klubu evdə bunun əvəzini çıxaraq növbəti mərhələyə vəsiqə əldə edib. Bertan Traore və Kasper Dolberq qolları ilə lazımi nəticəni qazanıb.
UEFA Avropa Liqası
1/8 final, cavab görüşləri
16 mart
“Beşiktaş” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) - 4:1
Qollar: Abubakar, 10, Babel, 22, 75, Cenk, 84 - Elyunussi, 31
İlk oyun - 1:1
“Krasnodar” (Rusiya) – “Selta” (İspaniya) - 0:2
Qollar: Mallo, 52, Aspas, 80
İlk oyun - 1:2
“Genk” (Belçika) – “Gent” (Belçika) - 1:1
Qol: Kastanye, 20 - Verstraet, 84
İlk oyun - 5:2
“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Şalke” (Almaniya) - 2:2
Qollar: Kristensen, 26, Dahud, 45+2 - Qoreçka, 54, Bantelab, 68
İlk oyun - 1:1
“Anderlext” (Belçika) – APOEL (Kipr) - 1:0
Qol: Açemponq, 65
İlk oyun - 1:0
“Ayaks” (Hollandiya) – “Kopenhagen” (Danimarka) - 2:0
Qollar: Traore, 23, Dolberq, 45+3
İlk oyun - 1:2
“Roma” (İtaliya) – “Lion” (Fransa) - 2:1
Qollar: Strutman, 18, Tusart, 68 - Diaxabi, 16
İlk oyun - 2:4
“Mançester Yunayted” (İngiltərə) – “Rostov” (Rusiya) - 1:0
Qol: Mata, 70
İlk oyun - 1:1
Azad Rəfi
- Baxış: 385