• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 907
— 17.03.2017 14:43

Gəncədə əlil uşaqlar Novruzu belə qarşıladılar...

KepezTV Player

Tamaşalar göstərdilər, şeirlər söyləyib, rəqs etdilər, idman bacarıqlarını nümayiş etdirdilər. Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin əlil uşaqları ”Xoş gəldin Novruz” münasibətiylə təşkil etdikləri şənlikdə fiziki imkanlarının məhdud olmasına baxmayaraq, öz bacarıqlarını nümayiş etdirməyə qadir olduqlarını sübut ediblər.

Hazırlanan tamaşada Mərkəzin “Xalq yaradıcılığı” dərnəyinin 12 üzvü rol alıb. Şənliyin baş rolunun ifaçısı, Novruzun atributu olan Kosa da uşaqlar sırasındadır. 

Rəcəb Məmmədov- “Xalq yaradıcılığı” dərnəyinin üzvü: “Mən çox sevinirəm ki, baş rolda Kosanı oynayıram. Biz keçəllə maraqlı əhvalat hazırlamışıq. Şeirlər söyləyib, uşaqları sevindirəcəyik. Qodu- qodu, Kosanın payı da olacaq”.
Səməni, bayram xonçası, qədim əşyalar, eləcə də rəsmlərlə bəzədilən səhnədə mərkəzin üzvləri  "Arşın mal alan” musiqili komediyasını oynayıb. Novruzun əsas atributları olan Kosa və keçəlin şənliyə qatılması, məzəli əhvalatlarla çıxışı maraqla qarşılanıb. 

Aygün Süleymanova- iştirakçı: “Novruz Azərbaycanın ən qədim bayramlarındandır. Qayğıya ehtiyacı olan uşaqlar Novruzda unudulmamalıdır. Bu bayram da onlara qayğı göstərməliyik, sevməliyik, hər zaman onlara xüsusi diqqət ayırmalıyıq. Məncə bayram onlar üçündü. Xoşbəxtəm ki, bu gün onların içindən sevincli, gülər üzlü olanları gördüm”.

Əsgər Məmmədov- valideyn: “Mənim qızım da Məmmədova Sevinc bu tədbirdə iştirak edir. O Bahar qızıdır, həm də şeir söyləyəcək. Biz valideyn olaraq evdə onun hər bir istəyini yerinə yetirsək belə onun bugünki çıxışının yerini verə bilmərik. Onların cəmiyyətə insanlar arasına çıxması üçün belə tədbirlər vacibdir”.

Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzində 18 yaşa kimi 80-ə yaxın müxtəlif xəstəlikdən əziyyət çəkənlər yararlanır. 

Rəzalə Abbasova- Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru: “Gəncə Dövlət Dram Teatrında, Kukla teatrında bizim tamaşalarımız olub, onlar nəinki uşaq tamaşaları, eləcə də klassiklərə də müraciət edirlər. Bu tədbirlərin keçirilməsi uşaqların cəmiyyətdə özlərini təsdiqləməsi deməkdi. Biz bilirik ki, bunlar da cəmiyyətin tam bərabər hüquqlu vətəndaşlarıdır. Bunlar özlərini sübut edirlər ki, biz varıq, biz bunu bacarırıq, biz də sizdən biriyik”.

Şənlik Mərkəzin idmançı üzvlərinin çıxışları, əl işləri və rəsmlərlə tanışlıqla davam edib. 

Elnur Vahidoğlu