• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1431
— 17.03.2017 10:42

Niderland, yoxsa Hollandiya?

KepezTV Player

Su kanalları, muzeyləri və hər yaşa uyğun əyləncə məkanları ilə ölkə turistlərin üz tutduğu yerlərdəndir. Niderland həmçinin Avropanın ən güclü iqtisadiyyatından birinə sahibdir. Ticarət və gəmiçilik sektorunda da ölkə adından söz etdirir. Buna baxmayaraq, Niderland çox zaman da Hollandiya deyildikdə insanların ağlına lalələr və ləzzətli pendirlər gəlir.

Bu ölkə haqqında danışarkən ilk növbədə onun əhalisinin qanunsevərliyini, qaydaları pozmadığını vurğulamaq lazımdır. Buna baxmayaraq, ölkədə oğurluq halları da baş verir. Ən çox oğurlanan şey isə velosipeddir, xüsusən də bu nəqliyyat növünün geniş yayıldığı Amsterdamda.

Sağlam insanlar ölkəsi

Ölkə əhalisi öz sağlamlığı ilə məşhurdur. Burada demək olar ki, mənfi 3 dərəcə temperaturda belə heç kəs isti, yun papaqlardan istifadə etmir, hətta kiçik uşaqlar belə. Niderlandda xəstə olduğunuzu bildirərək işə getməsəniz, bunun doğruluğunu yoxlamaq üçün evinizə həkim göndərə bilərlər. Tibbi xidmət ödənişlidir və sığorta ilə ödənilir. Ölkədə hər kəs sığortaya sahib olmalıdır və onun dəyəri 1 ay üçün 100 avro təşkil edir.

Muzeyləri

Niderland muzeylər ilə zəngindir. 16 milyon əhaliyə malik ölkədə təqribən 1000 muzey fəaliyyət göstərir. Van Qoqun muzeyi, Rembrantın ev muzeyi,  nasistlərdən gizlənən və yazdığı gündəliklə sonradan bütün dünyada məşhurlaşan yəhudi qız  Anna Frankın ev muzeyi, çoxlu tarix muzeyləri, hətta çantalar və pişiklər muzeyləri də bu sıradadır.  

Lalələr

Yazın əvvəlində Gəncə çölündə görməyə adət etdiyimiz lalələr Niderlanda da məşhurdur. Hətta bu çiçək ölkənin rəmzlərindən biridir. Bu güllər ölkədə çox ucuzdur. 50 zanbaqdan ibarət gül buketini cəmi 5 avroya əldə etmək mümkündür. Güllərin qiymətinin bu qədər münasib olmasına baxmayaraq, Hollandlar onları güldanda yox, çəmənlikdə görməyi üstün tuturlar.

Mətbəxi

Niderland mətbəxində balıq və tərəvəzlər çox vacib rol oynayır. Şimal mətbəxinin səciyyəvi xüsusiyyətlərindən biri xörəklərin assortimentinin az olmasıdır. Portağalın əlavə edilərək hazırlandığı kifayət qədər ləziz təamlar var. Ən əsas inqrediyentlərdən biri isə əlbəttə ki, məşhur Holland pendiridir. Pendirlər yağsız süddən hazırlanır və adətən yumru formada olur. Əsl Holland qauda pendiri 12 ay ərzində yetişməlidir ki, bu müddətdən sonra o yüngül və gözəl ətirli olur. Əlbəttə, qauda pendirin bir çox sortları var. Onların bəziləri bir neçə həftə ərzində yetişir, lakin elələri də var ki, onların yetişməsinə üçün 7 ildən çox gözləmək lazım gəlir!

Ən xoşbəxt uşaqlar

BMT Uşaq fondunun apardığı araşdırmalara görə dünyanın ən xoşbəxt uşaqları Niderlandda yaşayır. Burada uşaqların doyunca əylənmələri üçün hər bir şərait var. Ailədə təkcə ana deyil, ata da uşaqları ilə çox zaman keçirir. Hətta atalar övladları ilə vaxt keçirmək istədiklərini dedikdə işdən rahatlıqla icazə ala bilirlər.

Niderland, yoxsa Hollandiya?

Sonda ölkənin adı barədə. Ölkənin adı rəsmi olaraq Niderland kimi qəbul edilsə də çoxları onu Hollandiya adlandırır. Bu düz deyil. Şimali və Cənubi Hollandiya  ölkədə mövcud olan 12 vilayətdən yalnız ikisidir. Sadəcə olaraq bu iki vilayət dəniz sahilində yerləşdiyindən və iqtisadi cəhətdən çox inkişaf etdiyindən daha çox tanınır.

Vəfa Şairova