Aston Martin şirkəti Cenevrə avtomobil sərgisi çərçivəsində AMR adlı subbrendini anons edib. Bu ad altında markanın ekstremal modelləri buraxılacaq. İlk modellər isə V12 motorlu Rapide heçbeki və kupe V8 Vantage avtomobilinin yarış versiyasıdır. Rəsmilər bildiriblər ki, yeni brend markanın ictimai avtomobillərini yarışlara yaxınlaşdıracaq. AMR iki kateqoriyaya bölünüb: AMR - adi ekstremal maşınlar və AMR Pro – daha hardkor modifikasiyalar. 12 silindrli Rapide heçbeki ilk kateqoriyaya aiddir. 6 litrlik mühərrik 600 at gücünə malikdir və saatda 338 kilometr sürət yığır. Bu göstəricilər Rapide AMR-i dünyanın ən sürətli 4 qapılı heçbeki edir. Yeniliyin digər özəllikləri Stirling Green rəng stili, 21 düymlük diskləri və aerodinamik komponentləri olan aqressiv kuzovudur. Salon yüngül karbonlu oturacaqlar və alkantaralı işləmələr qazanıb. Vantage AMR Pro isə ictimai yollar üçün deyil. O, 507 at güclü V8 motorla təchiz olunub. V8 Vantage tarixinin ən güclüsü olan bu model “döyüşkən” tənzimlənən asma, Michelin Pilot Cup 2 şinləri olan 19 düymlük disklər, təhlükəsizlik çərçivəsi, iri antiqanad və böyük diffuzorla da diqqət çəkir. Aston Martin bu tip maşından 7 ədəd, Rapide AMR heçbekindən isə 210 ədəd istehsal etməyə qərar verib.
Cavanşir Məmmədzadə
- Baxış: 483