• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1314
— 16.03.2017 14:49

Gəncəli yunan-Roma güləşçiləri Azərbaycan birinciliyində 2 medal qazanıblar

KepezTV Player

Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçirilib. Klassiklərin yarışında xalça üzərinə çıxan gəncəli güləşçilərdən ikisi mükafatçılar sırasında yer alıb.

Nizami yurdunu yarışda təmsil edənlərdən Elşən Eyubzadə 85 kq-da birinciliyin qalibi,  50 kq-da Telman Əliyev isə bürünc medala sahib olub. Gəncə pəhləvanları yarışda iştirak edən 2000-2001-ci il təvəllüdlü 800-ə yaxın idmançı arasında fərqlənməyi bacarıblar.

Telman Əliyev - Azərbaycan birinciliyinin bürünc mükafatçısı: "Bu yarışa çox yaxşı və əzmlə hazırlaşmışdım. Bilirdim ki, çətin rəqiblərim olacaq. Birinci görüşdə rəqibim çox güclü idi. Buna baxmayaraq mən onu 9:0 təmiz qələbəylə məğlub etdim. İkinci görüşüm Bakı idmançısına qarşıydı. Ona çox təəssüf ki, uduzdum. Həmin güləşçi finala vəsiqə əldə etdiyi üçün mən təsəlliverici görüşlərə qatıldım və qalib gəldim. 3-cü, 5-ci yer uğrunda qarşılaşmada da qələbə qazanaraq üçüncü yerə layiq görüldüm".

Üçüncü yeri tutan Əliyev finala çıxmaq şansının olduğunu da deyərək həlledici görüşə vəsiqə qazana bilməməsinin səbəbini də açıqlayıb. 

Telman Əliyev - Azərbaycan birinciliyinin bürünc mükafatçısı: "Mən finala da çıxa bilərdim. Medalım gümüş və ya qızıl da ola bilərdi. Amma 1/4 finalda hakim qərəzinə tuş gəldim. Mənim əleyhimə qarşı tərəfə xal verdilər. Buna görə məğlub oldum. Ancaq sonradan özümü sübut edərək bürünc medala yiyələndim".

Telman Əliyev əvvəllər güləşin sərbəst növü üzrə çıxış edib. Sonradan fikrini dəyişən idmançı 2 ilə yaxındır ki, klassik növdə özünü sınayır. Yunan-Roma üsuluna keçməsi onun nəticələrinə də müsbət təsir göstərib.

Telman Əliyev - Azərbaycan birinciliyinin bürünc mükafatçısı: "Bundan əvvəl 5 il sərbəst növdə məşq etmişəm. Sonra müəllimim məsləhət gördü ki, özünü yunan-Romada yoxla. Özümü sınadım və gördüm ki, yaxşı alınır. Birinci yarışım Türkiyədə oldu. Orada ikinci yeri tutdum. Bakının yığmasıyla İranda Dünya Kubokunda da komanda hesabında gümüş medala sahib oldum. Daha sonra isə keçən il Bakıda Rəşid Məmmədbəyovun xatirə turnirində üçüncü yeri tutdum".

Güləşçi gələn ay Bakıda keçiriləcək beynəlxalq turnirə qatılacaq. Həmin yarışda özünü yaxşı tərəfdən göstərəcəyi halda isə o, Avropa və dünya səviyyəli turnirlər üçün yığma komandanın heyətinə cəlb ediləcək.

 

Orxan Cəfərzadə