Bayramqabağı bazarlarda əhaliyə keyfiyyətsiz ət satışının qarşısını almaq üçün yoxlamalara başlanılıb. Bu məqsədlə baytarlar Goranboyda ət kəsimi məntəqələrinə nəzarəti möhkəmləndirib.Son bir ayda Goranboyda nəzərdə tutulmayan yerdə ət satışı ilə məşğul olan 4 obyektin sahibinə xəbərdarlıq edilib, bəziləri isə cərimələnib. Bayramqabağı əhalinin keyfiyyətli ət almaları üçün rayon baytarları reydlərə başlayıb. Martın 25-dək ət kəsiminə və satışa çıxarılan heyvan ətlərinə nəzarət daha da gücləndiriləcək.
Elsevər Hüseynov - Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: “Gündəlik olaraq baytar həkimlərinin yoxlaması zamanı ətlərdən nümunələr götürülərək Baytarlıq Sanitar Ekspertiza Laboratoriyasında yoxlanılır və ekspert cavabından sonra ət satışına icazə verilir”.
Aparılan yoxlamalar zamanı rayon ərazisindəki 38 ət satışı məntəqəsindən götürülən nümunələrdə heç bir xəstəlik aşkar edilməyib.
Satıcı: “Heyvan kəsilən zaman baytarlıq idarəsinin əməkdaşları gəlib ətdən nümunə götürür, cavab məlum olduqdan sonra ətə möhür vurur və satışına icazə verir. Əlavə heyvan kəsilərsə yenə də zəng vurub xəbərdarlıq edirik, gəlib nümunə götürürlər”.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ət satışına nəzarətin gücləndirilməsi əhalinin keyfiyyətli məhsullarla təminatına istiqamətlənib.
Alıcı: “Gəlirik, baxırıq ət təzədirsə, təmizdirsə, baytar nəzarətindən keçibsə, sağlam ətdirsə alıb istifadə edirik”.
Alıcı: “Yanımızda kəsir, xüsusi kəsim yerində. Təzə, yoxlanılmış ətdir, ürəklə də alıb yeyirik”.
Baytarlıq İdarəsi tərəfindən rayonda vaxtaşırı aparılan profilaktik tədbirlər nəticəsində Goranboyda epizootik vəziyyət sabitdir.
Elton Cabbarlı
- Baxış: 929