• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1501
— 13.03.2017 16:21

Gəncədə sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

KepezTV Player

Ötən həftə Bakı-Sumqayıt yolunda 6 nəfərin həyatına son qoyan və 20-ə yaxın sərnişinin isə xəsarət aldığı avtoqəza yerlərdə sərnişindaşıma ilə məşğul olanlara qarşı yoxlamaların başlamasına səbəb olub. Gəncədə keçirilən reydlər bunun əsaslı olduğunu deməyə əsas verir. Gəncə Avtomobil Nəqliyyatı İdarəsinin əməkdaşları ölkənin qərb rayonlarına hərəkət edən mikroavtobus və kiçik tutumlu avtobusların standartlara cavab verib vermədiyini yoxlayıb, qanunsuz hallar aşkar edilib.

Aparılan reyd zamanı bəzi ictimai nəqliyyat vasitələrində əlavə oturacaqlara rast gəlinir ki, bu da uzaq mənzilə gedən sərnişinin həyatı üçün təhlükə yaradır.

Təhlükə yaradan tək quraşdırılan əlavə oturacaqlar deyil. Sürücü tərəfindən mikroavtobusun konstruksiyasına edilən dəyişiklik, əlavə yük yerlərinin quraşdırılması da baş verən avtoqəza zamanı sərnişinlərin ciddi xəsarət almasına səbəb ola bilər. Reyd zamanı hətta istismar müddətini bir neçə il bundan əvvəl başa vuran nəqliyyat vasitələrinin xəttə buraxılması faktları da aşkar edilib. Sadalanan hallar yol hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükədən xəbər verir.

Leyli Əliyeva- sərnişin: “Məsləhət görürəm artıq sərnişin götürməsinlər, oturacaqlar qaydasında olsun, sıxlıq olmasın. Hər hansı bir təhlükə yarandıqda heç olmasa özümüzü qoruya bilək”.

Şakir İsmayılov- sərnişin: “SSRİ vaxtından qalan avtobuslardır. Bunların istismar müddəti çoxdan keçib. Yeni avtobuslar olsa mənzil başına təhlükəsiz gedib çatarıq”.

Yeni nəqliyyat vasitələri ilə yanaşı, onun sükanı arxasında əyləşənlər də baş verənlərdən nəticə çıxarmalı və yol hərəkət qaydalarına əməl etməlidirlər. Sərnişinlərin tələbi belədir. Hansı ki, əlavə qazanc üçün insanların həyatına təhlükə yaradan sürücülər də iradlarla razıdır. 

Səfər Teymurov- sürücü: “Maşın alınanda elə idi. Mənə də bununla bağlı heç kim heç nə deməyib. Çıxardıb ataram oturacaqları, problem deyil mənim üçün”.

Arzu İsmayılov- sürücü: “Avtobusun tutumu 45+1 sənətdə, ancaq oturacaq sayı 49-dur. Bəs niyə 4 sərnişin yeri çoxdur avtobusda ??? Bilmirəm əvvəl boş yer var idi, oturacağı da ora qoyublar təhlükəlidirsə çıxardarıq”.

Sərnişin daşıyan nəqliyyat vasitələrinin reys qabağı texniki baxışdan keçməsi, eləcə də sürücülərinin tibbi müayinəyə cəlb edilməsi də vacib sayılan amillərdəndir. Yoxlamalar zamanı sürücülərdən həmin sənədlər də tələb olunub. Lakin məlum olub ki, bu tələblərə də əksər sükan sahibləri tərəfindən əməl edilmir. 

Elmar Əhmədov- Gəncə Avtomobil Nəqliyyatı İdarəsinin sektor müdiri: “Belə bir halların qarşısını almaq üçün Daxili İşlər Nazirliyinin Dövlət Yol Partul Xidmətləri belə texniki müayinəsi olmayan, tibbi müayinədən keçmədən nəqliyyat vasitələrini sürücüləri yollarda saxlanılsın və İnzibati Xətalar Məcəlləsində 30 manatdan - 40 manata qədər cərimələri tətbiq edərək bizə də köməklik etsinlər. Başqa qurumlar da bu məsələdə bizə köməklik etməlidirlər”.

Reyd zamanı 20 sərnişin daşıyan ictimai nəqliyyat vasitəsinin sürücüsünə xəbərdarlıq edilib, qanun tələblərini kobud şəkildə pozan 5 sürücü inzibati qaydada cərimələnib. Gəncə Avtomobil Nəqliyyatı İdarəsindən verilən məlumata görə, sərnişinlərin həyatlarını təhlükəyə ataraq sükan arxasına əyləşənlərə qarşı tədbirlər davamlı olacaq. 

Xaliq Qurbanlı