• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1971
— 13.03.2017 12:04

Gədəbəyin Novoivanovka kəndində müəmmalı yanğınlar törədilir

KepezTV Player

Gədəbəyin Novoivanovka kəndində əvvəlcə fərdi yaşayış evi, daha sonra müxtəlif şəxslərə məxsus tövlə və ot bağlamaları alova qərq olub. Kimin, nə məqsədlə törətdiyi bu hadisələr hələlik ziyançəkənlər, elə polis üçün də qaranlıq qalsa da araşdırmalar gec-tez yanğınları törədənlərin kimliyinə aydınlıq gətirəcək. Sakinləri təşviş içərisində olan kənddə əməkdaşlarımız da olub.

Novoivanovka kəndində silsilə yanğınların ilki ötən ilin sonlarında Zəminə Ramazanovaya məxsus fərdi yaşayış evində qeydə alınıb. Yanğınsöndürənlərin və yaxınlıqda yaşayan sakinlərin səyinə baxmayaraq, alov qısa zamanda bütün evi bürüyüb. Ev sahibinin həyat yoldaşı Şaiq Məmmədovun sözləri ilə desək evdən bir çöp belə çıxarmaq mümkün olmayıb. Zərərçəkən naməlum şəxs və ya şəxslərin evə oğurluq məqsədi ilə daxil olduğu qənaətindədir.

Şaiq Məmmədov- zərərçəkən: “Mən belə fikirləşirəm ki, kimsə bura pul məqsədi ilə daxil olub. İzi də itirmək üçün ardıcıl bu şeyləri edir. Hansı ki, mənim evim də daxil olmaqla 5 evin ot bağlaması və tövləsi yanıb. Bugünkü müəmmalıdır. Heç bir qiymət verilməyib. Mənə 100 min manata yaxın ziyan dəyib”.

Bu hadisədən bir qədər sonra qonşuluqda yaşayan Ramazan Hüseynov, Məhərrəm Süleymanov, Nizami Abbasov və Allahverdi Mehtiyev də eyni aqibəti yaşayıb. Bu dəfə yanan ev yox, həyətyanı sahədə yığılan ot bağlamaları və tövlə olub.

Ramazan Hüseynov- zərərçəkən: “Beş hadisə olub, beşi də eyni vaxtda qeydə alınıb. Hər birisinin arasında 10 dəqiqə, 20 dəqiqə fərq var. Hamısı axşam saat 8-9 radələrində baş verib. Axşamdan olan işlərdir, qarşısı da alınmır”.

Nizami Abbasov- sakin: “Çıxıb baxıb ki, doğrudan da bu tərəfdən alov qalxır. Mən də həyətdəydim. Qışqırığa çölə çıxdım. Camaat sağ olsun, tez söndürdülər”.

Sakinləri narahat edən arxada qalan 2-3 ay ərzində alovu alət bilən şəxs və ya şəxslərin müəyyən edilməməsidir. Belə olan halda əhalidə eyni vəziyyətin başqa evlərdə də təkrarlanacağı qorxusu var.  

Zərifə Cəfərova- sakin: “Bir mən yox, hamı qorxur. Qonşular gecə yatmır ki, gəlib mənim otumu odlayacaqlar”.

Gədəbəy rayon Polis Şöbəsindən isə narahatlığa əsas görmürlər. Bütün faktlar üzrə aparılan araşdırmaların nəticəsi qısa müddətdə cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunacağını deməyə əsas verir.

Natiq Hüseyn