Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və BMT-nin İnkişaf Proqramı təlimin təşkilində yaxından iştirakçıdır.
Sosial hüquqlar insanın həyat şəraiti və sosial müdafiəsi ilə bağlı hüquqi təminatlardır. İnsanlara ləyaqətli həyat şəraitini və işləmək imkanlarını təmin etməklə, həm də onlar əmək qabiliyyətini itirdikdə və digər sosial hadisə hallarında onların müdafiəsini təmin edilməlidir. Bu fikirlər sosial, hüquqi sahələrdə çalışan 20-ə yaxın QHT nümayəndəsinin, müxtəlif təşkilatların ekspertlərinin iştirak etdiyi təlimdə səslənib. “Sosial hüquqlar və onun hüquqi müdafiəsi” mövzusundakı təlimdə əhalinin həssas qrupları olan pensiyaçılar, veteranlar, əlillər diqqət mərkəzində olub.
Rəzalə Abbasova- Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma Əsaslı Reabiltasiya Mərkəzinin koordinatoru: “Valideynlərin təşəbbüsü ilə nevropatoloq dəvət edilmişdi. Valideynlər orada öz problemlərini qaldırmışdılar ki, onlar bəzən səhiyyə sahəsində maneələrlə üzləşirlər. Bəzi korrupsiyalılarla üzləşirlər. Bu ən çox Gəncədən kənarda Bakıda olan bəzi müəssisələrdə olur”.
Vətəndaş cəmiyyətin gücləndirilməsinə xidmət edən layihənin icrasına ötən ilin sonunda başlanılıb və bu ilin sonunadək davam edəcək.
Hafiz Həsənov- “Hüquq və inkişaf” İctimai Birliyinin rəhbəri: “Layihənin yekununda layihə üzrə keçirilən tədbirlərdə məlumatlandırılan şəxslərin olması, hüququ müdafiə olunan xeyli işlərin olması ilə yanaşı, həm də burada nəzərdə tutulur ki, Azərbaycanda sosial hüquqlar sahəsində hüquqi və praktik məsələlər necədir və bu sahədə hansı çətinliklər var, hansı irəliləyişlər var. Ona müvafiq olaraq biz həm də qanunvericiliyin təkmilləşdirilməsi, praktikanın daha da yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlayıb, hökümətə təqdim edəcəyik”.
İlk dəfə Gəncədə təqdim edilən layihə respublikanın 7 rayonunu əhatə edəcək.
Elnur Vahidoğlu
- Baxış: 490