Naftalan neftinin şöhrəti bu şəhərə gələn turistlərin sayını birə 5 artırıb. Ötən il 25 min yerli və xarici müalicə və istirahət məqsədiylə Naftalanı seçib. Statistika göstərir ki, son 5 ildə turistlərin sayı 5 dəfə artıb.
Ötən dövr ərzində Naftalanda istifadəyə verilən kurort sanatoriya tipli müəssisələr, 5 ulduzlu otellər turistlərə göstərilən xidmətin səviyyəsini artırıb. Bu da iqtisadiyyatın əsasını turizm təşkil edən şəhərə gələnlərin sayına birbaşa təsir edib. Gün ərzində 2100 nəfərin müalicəsi və istirahəti üçün yaradılan şərait turistlərin diqqətini cəlb etməyə bilməz.
Valentina Vladimirovna- Rusiyalı turist: “Mən Naftalan haqqında ilk dəfə rəfiqəmdən eşitdim. Gələndən sonra gördüm ki, bura doğrudan da möcüzədir. Artıq bir həftədir ki, müalicələri qəbul edirəm, bütün ağrılarım yoxa çıxıb. Çox razı qaldım. Payızda yenə gələcəyəm”.
Amanbek Kalcanov- Qazaxıstanlı turist: “Biz qrup halında gəlmişik. Qrupda hərənin bir xəstəliyi var. Artıq 4-cü gündür müalicə alırıq. Adamın inanmağı gəlmir, sanki heç bir xəstəliyimiz olmayıb, tam sağlamıq. Bura doğrudan da möcüzəli yerdir. Göstərilən xidməti isə tərifləməyə söz tapmıram”.
Naftalanın möcüzəsi isə onun neftindədir. Müalicəvi əhəmiyyətinə görə, dünya bazarında satılan neft qədər sağlamlıq üçün dəyərli bir vasitə. 1930-cu ildən fəaliyyətdə olan Naftalan Neft-Qaz çıxarma sahəsində əldə edilən neft “1000 dərdin dərmanı" adlandırılır. Tərkibi sudan təmizləndikdən sonra ekoloji və təbii vasitə kimi istifadə üçün hazır olur.
Neftçilərin ildə orta hesabla 60 ton aldıqları müalicəvi nefti altı aydan bir dəyişmək lazım olur. Bu neftin müalicəvi əhəmiyyətini qorumaq məqsədi daşıyır.
Azzam Avan- Pakistanlı turist: “Naftalan haqqında internetdən məlumat aldım. Oynaqlarımda çox şiddətli ağrılar olurdu. Mənə çox əziyyət verirdi. İndi inana bilmirəm, ağrılarım keçib. Əvvəllər müalicəmlə bağlı çox yerlərdə olmuşdum, nəticə yox idi. Buradakı xidmət, müalicə və dadlı yeməklər diqqətimi cəlb edir”.
Alfiya Mirzəyevə- Tatarıstanlı turist: “Azərbaycanlı dostlarım mənə Naftalan haqqında çox danışdılar. Mən də ailəmi götürüb gəldim, heç bir xəstəliyimiz yoxdur, sadəcə dincəlirik. Buranın havası, nefti, xidməti, şəraiti çox yüksək səviyyədədir”.
Azərbaycanın turistlər şəhəri adlandırılan Naftalana ötən il ABŞ, Səudiyyə Ərəbistanı, Almaniya, Fransa, İngiltərə da daxil olmaqla ümumilikdə dünyanın 54 ölkəsindən 5200 turist müalicə üçün üz tutub. 20 minə yaxın yerli əhali də müalicə və istirahət üçün bu şəhəri seçib.
Xaliq Qurbanlı
- Baxış: 1463