• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 910
— 11.03.2017 10:30

Fin təhsil sistemi nədir və onun üstünlükləri nədən ibarətdir?

KepezTV Player

Finlandiyanın təhsil sistemi dünyada ən güclüdür. Reytinqdə 2-ci yeri Cənubi Koreya, 3-cü yeri isə Honkonq tutur. Yaponiya və Sinqapur isə müvafiq olaraq 4-cü və 5-ci yerləri bölüşdürürlər. Bəs görəsən Fin məktəblərini bu zirvəyə qaldıran sirr nədir?

Hər şey 40 il bundan əvvəl başladı. Finlandiya hökuməti təhsil sistemində irimiqyaslı islahatlara başlamaq barədə qərar verdi. Məhz bundan sonra, ölkənin məktəblərinin beynəlxalq reytinqləri ilbəil yüksəldi. İcbari təhsil 7 yaşdan başlayır. Uşaqlar məktəbə özləri piyada, ya da velosipedlə gedirlər. Fin mədəniyyəti uşaqların müstəqil yetişməsini vacib sayır. Tədris metodları kifayət qədər bəsitdir. 8-ci sinfə qədər bütün şagirdlərə eyni proqram tətbiq olunur. Yuxarı siniflərdə isə şagirdlər öz maraq və ehtiyaclarına uyğun tədris proqramı formalaşdırırlar. Müəllimlər isə metodologiyada tam sərbəstdirlər. İbtidai sinifdə uşaqlara qiymət verilmir və onlar standart bir sınaq sisteminə tabe deyillər. Ölkənin təhsil sistemində sınaq stressi yoxdur, müqayisə, özəl kurslar, repetitorlar da onun kimi. Şagirdlər 16 yaşında olarkən ölkə üzrə keçirilən vahid imtahanda iştirak edirlər. Müəllimlər gün ərzində sinifdə ortalama dörd saat dərs keçirlər. Buna görə ibtidai sinif müəllimi 3200 avro, fənn müəllimləri 3600 avro, məktəb direktoru isə 4700 avro maaş alır. Şagirdlərə ev tapşırığı verilmir. Finlər hesab edir ki, dərs öyrənmək yeri məktəbdir. Təhsil tam pulsuzdur. Bütün dərsliklər, dəftər, qələm, avadanlıqlar və hətta hər uşaq üçün planşetlər də onlara pulsuz verilir. Bundan başqa məktəb səhər yeməyi və günorta yeməyi də verir. Uşaq məktəbdən 5 km-dən uzaqda yaşayırsa ona taksi pulunu da dövlət ödəyir. Güman etmək olar ki, dövlət təhsilə fantastk pullar xərcləyir. Amma bu belə deyil. 

Kristina Volmari – Finlandiya Təhsil Nazirliyinin rəsmisi:Deməzdim ki, bizdə təhsilə çox böyük sərmayə qoyulur. Biz inkişaf etmiş ölkələr arasında orta mövqelərdəyik. Məktəblər və universitetlər əsasən bələdiyyələr tərəfindən maliyyələşdirilir. Özəl məktəblər çox azdır. Amma hətta onlara da dövlət dəstək göstərir. Amma reytinqə baxsaq ən yaxşı məktəblər dövlət məktəbləridir”.

Kiçik yaş qruplarının təlim-tərbiyəsi ilə bağlı bir çox əyləncəli qısa videomateriallar var. Siniflərdə 15, bəzən 20 şagird olur. Onların arasında hiperaktiv və çətin uşaqlar varsa, müəllimə əlavə yardımçılar da verilir. Zəif şagirdlərə dəstək göstərilir. Bunun üçün xüsusi  üçmərhələli "şagird xilasetmə" proqramı var. Uşaqlar məktəbə böyük həvəslə gedirlər. Çünki, bu işgəncə yox, əyləncə dolu məşğuliyyətdir. Məktəb həm elm öyrədir, həm də bunu əyləncəli formada edir. Məktəblərdə idmana və musiqiyə daha çox yer verilir. Şagirdlərin çoxu həftə sonunda məktəbin nəzdindəki idman klublarında məşq edir. Siniflərin dizaynı da ev stilində tərtib edilir. Şagirdlər evdən məktəbə gəldikdə fərqli bir mühitə düşmürlər. İbtidai sinifdə şagirdlərə dərslər arasında 75 dəqiqə tənəffüs vaxtı verilir. Amerikada bu 27, Türkiyədə 45, Azərbaycanda 30-35 dəqiqədir. Finlandiyada tətil də uzundur. Orta təhsil alanların 66%-i təhsillərini universitetlərdə davam etdirirlər və bu, Avropa ölkələri arasında ən yüksək göstəricidir. Çünki, şagirdlərin ümumilikdə orta bilik səviyyəsi yüksəkdir. Ən yaxşı və ən pis şagird arasında fərq çox azdır. İxtisas seçimi üzrə bölünən siniflərdə ən çoxu 16 şagird olur. Buna görə də hamı  laboratoriya imkanlarından yüksək səviyyədə yararlana bilir. Finli gənclərin 93%-i lisey məzunudur. Bu göstərici ABŞ ilə müqayisədə 17,5% çoxdur. Şagirdlərin 43%-i peşə liseylərinə gedir. Bu məktəblərdə ümumi təhsillə bərabər peşə təhsili də verilir. Şagird həmin məktəbi bitirdiyi zaman seçdiyi peşəyə tam yiyələnmiş olur. Maraqlıdır ki, yuxarı siniflərdə aparılan sorğular zamanı hər sinifdən 1-2 nəfərin mühəndis, ya da həkim olmaq istədiyini üzə çıxarıb. Əksər şagirdlər aşpaz, idmançı, musiqiçi olacağını və ya hansısa xidmət sahəsində çalışmaq istədiyini deyib. Bəlkə də təhsil sistemi bu qədər güclü olması üzündən Finlandiya Avropada zəngin-yoxsul ayrı-seçkiliyinin, təbəqələşmənin ən aşağı səviyyədə olduğu bir ölkədir. Bu ölkədə demək olar ki, hər şey təhsil üçündür. Əbəs yerə deyil ki, Finlandiyanı “xoşbəxtlər ölkəsi" adlandırırlar.