• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 996
— 10.03.2017 15:59

Gəncədə bələdiyyələr, icma nümayəndələri, QHT rəsmilərinə təlim keçirilib

KepezTV Player

Ölkədə sosial sferada həyata keçirilən islahatlar barədə vətəndaşların məlumatlandırılmasına ehtiyac var. Bu bir tərəfdən dövlət-vətəndaş dialoqunun inkişafı, digər tərəfdən onların təkliflərinin növbəti proqramlarda nəzərə alınması üçün əhəmiyyət kəsb edir.

Elmira İsmayılova- Əlil Qadınlar Cəmiyyəti Gəncə şəhər şöbəsinin sədri: "Əlilliyi olan insanların maariflənməsi, bilgiləri hamıda eyni deyil. Onların maariflənməsi istiqamətində televiziya və təşkilatlarda müxtəlif layihə və təşkil olunan görüşlərdə bu işləri genişləndirmək lazımdır".

Elşad Məmmədov- Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsinin nümayəndəsi: "Sosial problemlərin həlli ilə bağlı vətəndaşlarla görüşürük. Özümüzün bir sıra sosial layihələrimiz var. Hansını ki, artıq həyata keçiririk. Məsələn, infrastuktur layihələri çərçivəsində 2 -Cavadxan və Natavan qəsəbələrində icmalar yaratmışıq, məhəllə komitələri fəaliyyət göstərir. Elə onların vasitəsilə də sosial siyasəti təbliğ etmək lazımdı".
  
Gəncədə "Sosial həssas qrupların sosial iqtisadi hüquqlarının təkmilləşməsində vətəndaş cəmiyyətinin rolunun daha da genişləndirilməsi" layihəsi çərçivəsində bələdiyyələr, icma nümayəndələri, QHT rəsmilərinə təlim keçirilib. Görüşdə xüsusilə ünvanlı sosial yardım sahəsində həyata keçirilən islahatlar, tətbiq edilən elektron mexanizmlər xüsusi olaraq müzakirə olunub. Təkliflər dinlənilib. 

Vüqar Bayramov- İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri: "Aparılan tədqiqatlar da göstərir ki, bütün sosial proqramlar da daxil olmaqla aparılan islahatlarla bağlı vətəndaşların məlumatlandırılması olduqca vacibdir. Əgər vətəndaşlar islahatlarla bağlı daha çox məlumatlı olurlarsa nəticə etibarı ilə islahatlara dəstəyi artırır və islahatların daha uğurla həyata keçirilməsinə gətirib çıxarır. Bu həm də hökümət və vətəndaş cəmiyyəti tərəfdaşlığının gücləndirılməsi baxımından da vacibdir". 

Layihəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək verir. Avropa Birliyinin maliyyələşdirdiyi layihənin icrasına 2016-cı ilin oktyabrından başlanılıb. Bu ilin noyabrında başa çatacaq.

Aleksandra Nerisanu- Avropa Birliyinin Bakı nümayəndəliyinin rəsmisi: “Avropa Birliyinin Bakı nümayəndəliyinin rəsmisi "Azərbaycanda vətəndaş cəmiyyətinə ən böyük donorluğu Avropa Birliyi edib. 2007-ci ildən etibarən Azərbaycana 16 milyon avro məbləğində ianə transfer edib və 60 təşkilata verilib. Hazırda isə verilən qrantların miqdarı bir qədər azalıb. İndiki vəziyyət bizi məcbur edir ki, vətəndaş cəmiyyəti ilə işləmək üçün öz siyasətimizdə müəyyən dəyişiklik edək. Biz çalışırıq ki, Azərbaycana dəstəyimizi davam etdirək".

Xarici təcrübənin öyrənilməsi layihənin əsas hədəflərindən biridir. Layihə çərçivəsində artıq 3 sənəd hazırlanaraq dövlət qurumlarına, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Həmin sənədlərdə islahatların təsviri ilə yanaşı, onların genişləndirilməsi ilə bağlı təkliflər yer alır. Bəzi təkliflər hökümət və ƏƏSM Nazirliyi tərəfindən müxtəlif islahat paketlərinə daxil edilib.

 

Jalə Qurbanova