Əvvəllər sakinlərin gündəlik istifadəsində olan yol indi əkin sahəsinə çevrilib. Bu səbəbdən də 20 ailənin aylardır yolu bağlanıb. Üstəlik küçələrə adın verilməməsi sakinləri fövqəladə hallar zamanı çətin vəziyyətə salır. Söhbət Samux rayonunun Əhmədbəyli kəndinin adsız küçəsində yaşayan sakinlərin qarşılaşdığı çətinlikdən gedir.
Samux rayonunun Əhmədbəyli kəndinin sakinləri də adsız küçənin vətəndaşlarıdır. Ərazidə illərdir fərdi yaşayış evi inşa olunsa da, küçələrin adlandırılmaması əməlli-başlı problem yaradır.
Zahirə İsmayılova- sakin: “Xəstələnirik, təcili yardım çağırırıq gəlib tapa bilmir. Gərək bir maşın tutub gedib asfaltın qırağında gözləyəsən. Çünki küçənin adı yoxdur”.
Rabil Ələkbərov- sakin: “Uşaq yandı, təcili yardım çağırıb yola çıxdıq. Gəlib bizi yoldan götürdü. Küçənin adı yoxdur, üstəlik yol da pis vəziyyətdədir”.
Bu azmış kimi küçəyə giriş-çıxış üçün olan yol da bağlıdır.
Əhmədbəyli kəndində yaşayan 20-ə yaxın ailə uzun illərdir yol kimi istifadə edib. Ancaq sonradan yolun əkin sahəsinə çevrilməsi sakinləri çarəsiz duruma salıb.
Mirzə İsmayılov- sakin: “2 heyvan saxlayıram. Mümkün deyil aparmaq. Yolu kəsiblər. Deyir mənimdi burdan keçmə. Maşın gəlir, dönməyə imkan yox”.
Rəhman Cəfərov- sakin: “İcra nümayəndəliyinə getmişik. Dəfələrlə demişik deyir həll edəcəyik. Hələ bir xəbər yoxdur”.
Kənddə olduğumuz müddətdə sözügedən əraziyə gələn Əhmədbəyli kənd bələdiyyəsinin sədri Seymur Şükürov yolun qısa zamanda açılacağını vədd etdi. Digər problemlərin həllinə gəlincə, bələdiyyə sədri onların da mərhələli şəkildə aradan qaldırılacağını vurğuladı.
Seymur Şükürov- Əhmədbəyli bələdiyyəsinin sədri: “Kəndin elektron kadastr xəritəsi hazırlanır. O hazır olandan sonra küçələrə ad veriləcək. O ki qaldı yola o vətəndaşın pay torpağının kənarında olan yoldur. Sadəcə tamah və yaxud da bilməməzlikdən texnika ilə şumlanıq. Yaxın günlərdə yol bərpa olunacaq”.
Sakinlər tərəfindən sədr seçilən şəxsin verdiyi vədə əməl edib-etməyəcəyi qarşıdakı günlərdə məlum olacaq.
Natiq Hüseyn
- Baxış: 1103