• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1193
— 08.03.2017 12:47

Qitənin ən nüfuzlu klub turnirinin ilk cavab qarşılaşmalarında birinci oyundakı nəticələr təkrarlandı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib. Açılış günü reallaşan 2 oyundan sonra ilk 1/4 finalçıların adları məlum olub. Gecənin ən diqqətçəkən qarşılaşması Londonda oynanılıb. Burada “Arsenal” doğma divarlar arasında “Bavariya”nı qəbul edib. Səfərdə 5:1 məğlub olan topçular evdə də eyni nəticəylə uduzublar. Halbuki oyunda birinci qol Arsenaldan gəlib. 20-ci dəqiqədə Teo Uolkot tablonu işə salıb. Amma ikinci yarıda qonaqlar oyunun axarını xeyirlərinə dəyişə biliblər. 53-cü dəqiqədən etibarən ingilislər oyuna 10 nəfərlə davam etməli olublar. Loran Koselni cərimə meydançasında Levandovskiyə qarşı kobud hərəkətinə görə qırmızı vərəqə alıb və penaltiyə səbəb olub. Topun arxasına keçən zərərçəkən özü şansını boşa verməyərək hesabı bərabərləşdirib. 68-ci dəqiqədə münhenlilər ikinci dəfə yerli azarkeşlərin kefini pozublar. Bu dəfə Aryen Robben diqqətləri üzərinə çəkib. İkinci qoldan sonra oyunu tamamilə ələ alan almanlar 78-ci dəqiqədə Duqlas Kostanın qoluyla fərqi 2-yə yüksəldib. Bundan sonra Bavariya daha iki top vurub. 80 və 85-ci dəqiqələrdə iki dəfə fərqlənərək dubl müəllifinə çevrilən Arturo Vidal komandasının böyükhesablı qələbəsində rol oynayıb. Beləliklə Bavariya iki oyunun nəticəsinə görə mərhələ adlayıb.

Günün digər oyunda isə Napoli İtaliyada Realla üz-üzə gəlib. Bu oyunda da ilk görüşdəki hesab təkrarlanıb. Sükutu 24-cü dəqiqədə appeninlillərdən Mertens pozub. Bu qol həm birinci hissənin nəticəsi olub. Fasilədən sonra toparlanan kral klubu oyunda dönüş yarada bilib. 51-ci dəqiqədə küncdən havalandırılan topu başıyla qapıya göndərən Serxio Ramos status-kvonu bərpa edib. 6 dəqiqə sonra ispanlar önə keçiblər. Qapıların yerini səhv salan Mertens komandasını yenik duruma düşürüb. Qarşılaşmada sonuncu qola isə Alvaro Morata imza atıb. Qapıçının qaytardığı topa özünü yetirən hücumçu çərçivəni dəqiq nişan alıb. 3:1 Realın qələbəsi. Bununla da hər iki görüşdə qalib gələn prineylilər 1/4 final mərhələsinə vəsiqə əldə edib.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

7 mart

 

“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) - 1:5

Qollar: Uollkot, 20 - Levandovski, 55 (pen.), Robben, 68, Kosta, 78, Vidal, 80, 85

Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)

İlk oyun - 1:5

 

“Napoli” (İtaliya) – “Real” (Madrid, İspaniya) - 1:3

Qollar: Mertens, 24 - Ramos, 52, 57

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

İlk oyun - 1:3

 

 

Orxan Cəfərzadə