• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 773
— 07.03.2017 16:51

Toğrul Əsgərov İslam Həmrəylik Oyunlarında ölkəmizi təmsil edə bilməyəcək

KepezTV Player

Son zamanlar Azərbaycan güləşində gündəmi zəbt edən məsələ Toğrul Əsgərovun zədələnməsidir. Ölkənin ən titullu idmançılarından sayılan pəhləvan hətta bu səbəbdən qarşıdakı məsul yarışlarda iştirak edə bilməyəcək.

Rio-2016-da gümüş medal qazanan gəncəli güləşçi dördilliyin ən mötəbər yarışından sonra yanvarda qatıldığı ilk sınağında sıradan çıxıb. Toğrul Hindistanda keçirilən “Pro Liqa” turnirində iki görüşdə döşək üzərinə çıxsa da, sonradan zədələnərək çıxışını erkən başa vurmalı olub.

Elçin Zeynalov - Toğrul Əsgərovun şəxsi məşqçisi: "Toğrulun qarşıda məsuliyyətli yarışları varıydı. Amma onun zədələnməsi məni çox məyus etdi. Toğrul boyun fəqərəsindən zədə alıb. Bu da çox ciddi zədədi. Onu əməliyyət üçün Almaniyaya göndərəcəklər".

May ayında güləşçilərimizi iki böyük turnir gözləyir ki, olimpiya çempionu bu yarışların heç birinə qatılmayacaq. Söhbət Avropa çempionatı və ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunları kimi məsuliyyətli yarışlardan gedir. Toğrulun xüsusən də, İslamiadada millinin heyətində yer almayacağı təəssüf doğurur. Yəqin ki, onun yoxluğu millinin nəticəsinə təsirsiz ötüşməyəcək.   

Elçin Zeynalov - Toğrul Əsgərovun şəxsi məşqçisi: "Toğrul Azərbaycanın ən güclü idmançılarından sayılır. O, görünməmiş nailiyyət verdi. Onun yerişini heç bir idmançı gedə bilməz. Toğrul əsas sayılırdı və onun yarışdan kənarda qalması milliyə təsir edəcək".

İdmançı çəkisini də dəyişməyi düşünür. Onun sıraya döndükdən sonra 65 kq-da yox, 70 kq-da güləşəcəyi gözlənilir.

Elçin Zeynalov - Toğrul Əsgərovun şəxsi məşqçisi: "Toğrulun zədəsi olmasa da, o, artıq 70 kq-da güləşəcəkdi. Çünki çəki dərəcələri dəyişir və idmançılar İslamiadada sırf olimpiya çəki dərəcələrində yox, bütün çəkilərdə çıxış edəcəklər".

Xatırladaq ki, bu, Toğrul Əsgərovun ilk belə ciddi zədəsi deyil. O, 2012-ci ildə London Olimpiadasının qalibi olduqdan sonra uzun müddət dizindəki zədəyə görə də döşəkdən kənarda qalmışdı.

Orxan Cəfərzadə