• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1415
— 06.03.2017 15:43

Gəncədə sülh

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vurulub. 21-ci turun son oyun günündə keçirilən 2 görüşdən biri Nizami yurdunda baş tutub. Gəncədə çempionatın autsayderləri - "Kəpəz" və AZAL komandaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı sülhlə nəticələnib. Fasiləyədək meydan sahibləri hesabı dəyişməyə müvəffəq olublar. 38-ci dəqiqədə küncdən cərimə meydançasına göndərilən topa başıyla zərbə endirən Şəhriyar Əliyev çərçivəni dəqiq nişan alıb. Hamı gəncəlilərin 1:0-lıq hesabı sonadək qoruyacağını düşünsə də, 90-cı dəqiqədə səhnəyə çıxan Vaqif Cavadov komandasına bir xal gətirən qol imza atıb.

Tərlan Əhmədov - "AZAL"ın baş məşqçisi: "Bu gün hesabda geri düşərək sonda qol vurduqsa, futbolçularıma təşəkkür edirəm. Meydançada yaxşı, gözəl futbol yox, sadəcə mübarizə varıydı. Hər iki komandanın oyunçularına təşəkkür düşür. Çünki əzmkarlıq tələb edirdi belə vəziyyətdə oynamaq, onlar da bunu bacardılar."

Şahin Diniyev - "Kəpəz"in baş məşqçisi: "Demək olar ki, 90 dəqiqə üstünlüyümüzlə keçən oyunda müdafiəçilərin məsuliyyətsizliyindən, uşaq səhvindən qol buraxdıq. Kimisə tək günahlandırmıram, komanda olaraq yaxşı mübarizə apardıq. Futbolun da əzab-əziyyəti və sevinci var. Bu gün bizə birincisi qismət oldu ki, bunu yaşayaq. Çox çətindi nəsə demək. Ancaq çox əfsuslar olsun ki, belə bir oyunu əldən verdik".

 

Orxan Cəfərzadə