Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXI beynəlxalq turnir keçirilir.
Turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edir.
İlk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 97 kq, qadın güləşi üzrə 48, 55, 60, 69 kq çəkidə idmançılar mübarizə aparıb.
Qadın güləşi üzrə 48 kq çəkidə yarışan Türkan Nəsirova ardıcıl iki Ukrayna təmsilçisini üstələyərək finala yüksəlib. Finalda ABŞ idmançısına uduzan güləşçimiz turnirin gümüş medalına yiyələnib.
60 kq çəkidə mübarizə aparan Tatyana Omelçenko bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalını qazanıb. İlk görüşdə ABŞ təmsilçisi olan Olimpiya və Dünya çempionu Helen Maroulisi tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinalda Ukrayna, finalda isə daha bir ABŞ idmançısından üstün olub.
Sərbəst güləş üzrə kişilərin yarışında 65 kq-da mübarizə aparan Gitinomaqomed Hacıyev Ukrayna və ABŞ təmsilçilərini üstələsə də, yarımfinalda Rumıniya idmançısına uduzub və bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Moldova idmançısına qalib gələn təmsilçimiz turnirin bürünc medalını qazanıb.
65 kq-da mübarizə aparan təmsilçimiz Məhəmməd Müslümov da bürünc medal qazanıb. Həlledici görüşdə o, Ukrayna idmançısını tam üstünlüklə məğlub edib.
Mircəlal Həsənzadə (57 kq) və Elis Manolova (69 kq) turniri 5-ci sırada tamamlayıb.
Beləliklə, güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Qızıl medalı Tatyana Omelçenko (60 kq), gümüş medalı Türkan Nəsirova (48 kq), bürünc medalları isə Gitinomaqomed Hacıyev və Məhəmməd Müslümov (hər ikisi 65 kq) boynundan asdırıb.
Azad Rəfi
- Baxış: 304