• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 773
— 03.03.2017 16:00

Ölkədə şəkər çuğundurunun yetişdirilməsinə maraq artıb

KepezTV Player

5 il bundən əvvəl 80 ha əraziyə əkilən şəkər çuğunduru bu il Samuxda 1500 ha-da yetişdiriləcək. Fermerlər hər hektardan 65 tona yaxın məhsul əldə etməyi planlaşdırır, əgər düzgün aqrotexniki qulluq aparılarsa. Məhsulun satışı üçün yaradılan şərait təsərrüfat sahiblərinin bu sahəyə marağını artırıb. 

Artıq iki gündür samuxlu fermerlər şəkər çuğundurunun səpininə başlayıb. Səpindən 15 gün əvvələdək şum suvarması və alaq otlarına qarşı mübarizə tədbirləri aparılıb. 

Vidadi Əliyev- fermer: “Bu il üçüncü ildir ki, əkirəm. Keçən il 6 ha əkmişdim. Bu il 6 ha yarım əkdim. Qane edir yaxşıdı, qulluq eləsən artıqlaması ilə götürmək mümkündür. Vaxtlı- vaxtında toxasını vurmalısan, xəstəlik tuta bilir, ona görə də vaxtında dərman vurulur ki, qarşısı alınsın”.

Aparılan aqrotexniki tədbirlərin nəticəsi olaraq ötən il rayonda 700 ha-ın hər birindən 50-55 ton məhsul yığılıb. Ötən ilkindən fərqli olaraq bu il yeni şəkər çuğunduru toxumunun səpini aparılır. 

Şəkər çuğundurunun toxumu Danimarka və Belçikadan gətirilib. Mütəxəssislərin sözlərinə görə, vaxtlı-vaxtında qulluq olarsa hər hektardan 60-70 ton məhsul əldə etmək olar.

7 sm-dən bir əkilən toxum bitdikdən sonra əl əməyi ilə seyrəldilir. Suvarmaya isə may ayından başlanılır. 20 gündən bir məhsul yığımına kimi torpaq 5-6 dəfə suvarılmalıdır. 

Namiq Aslanov- fermer: “Bizdə suvarmada problem olmur. Vaxtlı-vaxtında suyumuz olur, suvarırıq. Bunun suvarmasına başlayan vaxtı heç bir yer suvarılmır, yonca biçilir, ona görə də su kanalda gəlir. 20-30 nəfər hər ailədən burada işləyir. Onların hamısını da işlə təmin edirik”.

Gəlirli sahə olduğundan bu il Samuxda ilk dəfə olaraq 300-ə yaxın fermer şəkər çuğunduru əkməyə başlayıb. Dövlət xətti ilə Azərbaycan Şəkər İstehsalat Birliyi ilə bağlanan müqavilə məhsulun istehsalından tədarükünədək olan mərhələni fermerlərin xeyrinə həll etməyə imkan verir. 

Abbas Novruzlu- Azərbaycan Şəkər İstehsalat Birliyinin aqronomu: “Bağlanan müqavilə əsasında onların bütün şum işləri, dərmanlarla təmini, şum altı gübrələrin verilməsi, toxum, toxumun səpini, çıxış vaxtı lazım olan dərmanlarla təmin edilir. Xırda bir işləri görmək əkinçinin üzərində qalır. Bütün lazım olan aqrotexnikadan biz istifadə edirik və əkinçinin işlərini rahatlaşdırırıq”.

Məhsulun yığımı zamanı texnika ilə bağlı yaranmayan problem və fermerdən tonu 58 manatdan alınan şəkər çuğunduru torpaq və iqlim şəraitindən asılı olaraq Samuxda daha yaxşı yetişir. Martın sonunda səpini başa vuracaq fermerlər sentyabrdan məhsul yığımına başlayacaq.

Elnur Vahidoğlu