• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2070
— 02.03.2017 15:08

“Kəpəz”in braziliyalı sehrbazı- Dario Frederiko

KepezTV Player

“Kəpəz”də öz oyunu ilə seçilən futbolçulardan biri də sözsüz ki, Dario Frederikodur. Yarımmüdafiəçi Gəncə klubuna gəlib-getmiş ən yaxşı əcnəbilər arasında yer alır. 

“Sarı-göylər”in heyətində çıxış etməkdən məmnun olan braziliyalı artıq iki mövsümdür ki, yerli publikanın əv sevimli oyunçusudur. Azarkeş – Dario sevgisi həm də qarşılıqlıdır.

Dario Frederiko- “Kəpəz”in futbolçusu: “Kəpəz”də olmaq və yerli azarkeşlərin məni belə sevməsi çox xoşdur, hər zaman dəstək verirlər. Onların sevimlisi olmaq olduqca qürurvericidir. Eyni münasibəti mən də onlara bəsləyirəm. İlk növbədə biz hamımız “Kəpəz”in uğurları üçün çalışırıq. Onlarsız bizə çətin olar”.

Dario braziliyalılara xas tərzdə texnikası ilə seçilir. Hər iki ayağı ilə yaxşı oynamağı bacaran yarımmüdafiəçi üçün eyni vaxtda 2-3 rəqibi aldatmaq problem deyil. O, sağ və sol cinahdan sürətli keçidləri ilə rəqib komandalara təhlükəli anlar yaşatmaq qabiliyyətinə malikdir.

Dario Frederiko- “Kəpəz”in futbolçusu: “Yaxşı başa düşürəm ki, azarkeşlər driblinqləri, fintləri çox sevirlər, amma mən bu hərəkətləri sırf şou yaratmaq üçün etmirəm. Texnika mənim ən üstün tərəfimdir, ona görə də bir-birə epizodlarda qarşımdakı futbolçunu  aldatmağa, rəqib qapısı önündə təhlükə yaratmağa çalışıram. Bunu komandama kömək etmək üçün edirəm, alqışlanmağa görə yox”. 

Dario “Kəpəz”in son çıxışlarına da toxunub və azarkeşləri qələbələrlə sevindirməyə çalışacaqlarını deyib.

Dario Frederiko- “Kəpəz”in futbolçusu: “Çempionatın ikinci hissəsinə yaxşı başlamadıq, ardıcıl məğlubiyyətlər oldu. Bu uğursuzluqları nəzərə almaqla daha yaxşı oynamağa çalışır, xarakter göstəririk. Futbolçular bütün gücünü ortaya qoyaraq əzmkarlıq, mübariz keyfiyyətlər hesabına nəticə əldə etmək istəyir. Son iki oyunda əldə etdiyimiz xallar bizim üçün çox vacib idi, bu, qarşıdakı görüşlərə motivasiya verəcək”.

Bu məna da “Kəpəz”i mart ayında bir-birinin ardınca çətin sınaqlar gözləyir. Çempionatda keçirəcəyi hər 3 oyunu Gəncədə baş tutacaq “sarı-göylər” növbə ilə AZAL, “Zirə” və “Sumqayıt” ilə görüşəcək.

Dario Frederiko- “Kəpəz”in futbolçusu: “Liqada keçirəcəyimiz növbəti oyunlara ciddi yanaşırıq. Yaxın zamanda Gəncədə keçirəcəyimiz hər 3 maçda maksimum nəticəyə ümid edirik. “Qəbələ” ilə görüşdə göstərdiyimiz futbolu qarşıdakı oyunlarda da nümayiş etdirməliyik. Var gücümüzü meydanda qoyub belə davam etsək, inanıram ki, yaxşı nəticələr, qələbələr qazanacağıq. Mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəfə çatmaq üçün evdə keçirəcəyimiz ardıcıl oyunlarda yalnız qələbə qazanmalıyıq. Bu, bizə məqsədimizə yetişmək yolunda tramplin rolunu oynayacaq”.   

“Kəpəz”in Dario ilə müqaviləsi mövsümün sonunda sona çatır. Azarkeşləri isə bu futbolçunu gələcək illərdə də Gəncədə görmək istəyirlər.

Orxan Cəfərzadə