• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1229
— 02.03.2017 12:23

İspaniya La Liqasında 25-ci turun oyunları keçirilir

Çempionatın lideri “Real” evdə “Las Palmas”la qarşılaşıb. Gərgin keçən oyunun gedişində 1:3 hesabıyla geri düşən "kral klubu" məğlubiyyətdən xilas olmağı bacarıb.

İlk yarıda hərəyə bir dəfə fərqlənən komandalar fasilədən sonra hücumlarının sayını və keyfiyyətini artırıblar ki, bu da son nəticədə hesaba təsirsiz ötüşməyib. Qaret Beylin qırmızı vərəqə almasıyla meydanda azlıqda qalan paytaxt futbolçuları qısa zaman kəsiyində iki qola üzülüblər. Əvvəlcə Serxio Ramosun əllə oyununa görə hakimin təyin etdiyi penaltini Jonatan Viyera dəqiq yerinə yetirib. Bir qədər keçmiş Boatenq əks-hücumu qolla tamamlayaraq ev sahiblərini 3-cü dəfə məyus edib. Amma “Real” özündə güc taparaq hesabı bərabərləşdirməyi bacarıb. Xilaskar rolunu yenə Kriştiano Ronaldo oynayıb. Portuqaliyalı 86 və 89-cu dəqiqələrdə vurduğu qollarla "Real"a 1 xal qazandırıb.

Bu turadək Madrid klubunun ən yaxın izləyicisi olan“Barselona” isə evdə Xixon “Sportinq”ini darmadağın edib. Öz qapısından cəmi bir top buraxan katalonlar rəqib qapısına 6 qol vurublar. Lionel Messinin məhsuldar zərbəsi ilə başlayan futbol şousu qonaqların avtoqolu ilə davam edib. Buraxılan bu iki qoldan sonra “Sportinq” hesab arasındakı fərqi azaldıb. Karlos Kastro çərçivəni dəqiq nişan alıb. Amma az sonra Luis Suares yenidən iki topluq fərqi bərpa edib. İkinci hissədə Barsa daha 3 dəfə fərqlənib. Əvvəlcə 49-cu ildə Fransisko Alkaser rəqib qapısına yol tapıb.  66-cı dəqiqədə Neymar səhnəyə çxıb. Oyunda son nöqtəni İvan Rakitiç qoyub. 6-1. Bu qələbə ilə “Barselona” liderliyə yüksəlib. Xatırladaq ki, "Real" əzəli rəqibindən 1 oyun az keçirib.

İspaniya La Liqası, 25-ci tur

Osasuna - Vilyarreal 1:4

Barselona - Sportinq 6:1

Selta - Espanyol 2:2

Qranada - Alaves 2:1

Real - Las Palmas 3:3

2 mart

23:45 Deportivo - Atletiko
00:30 Sevilya - Atletik

Azad Rəfi