ADAU-nun Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində "Quşçuluq tədris-təcrübə mərkəzi" yaradılıb. Tələbələr təhsil almaqla yanaşı, həm də bu mərkəzdə çalışırlar. Nəzəri biliklərini təcrübədə tətbiq edirlər. Mərkəzdə elmi-tədqiqat işlərinin aparılması üçün ADAU bir sıra quşçuluq təsərrüfatları ilə müqavilələr də bağlayıb.
"Quşçuluq tədris-təcrübə mərkəzi"ndə müasir tələblərə cavab verən ferma, zəruri avadanlıqlarla təchiz olunan laboratoriya mövcuddur. Tələbələr burada quşlarının bəslənməsi, yetişdirilməsi, elmi-tədqiqat işlərinin aparılması, zootexniki baytar qaydaları və digər sahələri öyrənirlər.
Mirdamət Muradov- tələbə: “Biz burda həm tələbəyik, həm də Quşçuluq Tədris Mərkəzində yarımştat olaraq işləyirik.Bizim burda əsas işimiz nəzəri bilikləri tətbiq etməkdən ibarətdir”.
Elman Əzimov- tələbə: “Bu toyuqlardan gözlədiyimizdən də yaxşı nəticələr aldıq. Bu yeni xəttin həm çəki, həm boy artımı çox yaxşıdır”.
Mərkəzdə elmi-tədqiqat işlərinin aparılması üçün 2 ay əvvəl damazlıq quşçuluq təsərrüfatı ilə bağlanan müqaviləyə əsasən fermaya bəslənmək üçün 2 min baş 1 günlük cücə, eyni zamanda dərman və peyvənd vasitələri verilib. İmişli Şəkər Zavodu isə cücələrin qidalanması üçün əvəzsiz olaraq 8 ton quş yemi ayırıb. Elmi-tədqiqat işlərinin aparıldığı müddətdə cücələrin çəkisi 2 kiloqramdan çox artıb.
Telman İsgəndərov- ADAU-nun Baytarlıq təbabəti və zoomühəndislik fakultəsin dekanı: “Ölkəmizdə quşçuluğa olan maraq get-gedə artır. Biz bunu əsas götürərək gələcək kadrların hazırlanması məsələsini birinci plana çəkirik. Burada tətbiq olunan tədqiqat işləri gələcəkdə də istifadə ediləcəkdir”.
Baytarlıq təbabəti və zoomühəndislik fakultəsində aparılan elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunan görüşdə quşçuluq sahəsinin inkişafı, bu istiqamətdə tədqiqatların davam etdirilməsi müzakirə olunan əsas məsələlərdən olub.
Qiyas Hacıyev- "Müsüslü" damazlıq quşçuluq təsərrüfatının aparıcı mütəxəssisi: “Gələcəkdə bu cür damazlıq quş yumurtalarına olan tələbatı aradan qaldırmaq üçün bizim əlimizdə bir material var. yaxın bir neçə ildə biz ölkəni həmin damazlıq yumurta ilə təmin etmək gücündə olacağıq”.
Sonra ADAU-nun tələbə yeməkxanasında sanitar-gigiyenik qaydalara tam uyğun 2 ay bəslənilən quşlardan hazırlanan yeməklərin dequstasiyası keçirilib.
Gülnar Fazilqızı
- Baxış: 1535