• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1634
— 01.03.2017 14:53

"Kəpəz" - "Qəbələ" oyununda sülh

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub. Çempionatın lideri "Qəbələ" səfərdə "Kəpəz"in qonağı olub. Görüşdən öncə əlli illik yubileyini qeyd edən ev sahbilərinin qapıçılarla işləyən məşqçisi Nadir Şükürova AFFA ilə "Kəpəz" tərəfindən  üzərində 50 yazılmış millinin və klub komandasının forması, həmçinin “Olimpiya dünyası” qəzetinin təsis etdiyi diplom və xatirə hədiyyəsi təqdim olunub. Qarşılaşmaya gəlincə, ilk dəqiqələrindən meydan sahibləri təhlükəli hücumlar reallaşdıraraq qol vurmağa daha çox can atıblar. Sarı-göylər istəklərinə 36-cı dəqiqədə çatıblar. Cərimə zərbəsinin davamında qapı meydançasına göndərilən topu rəqib futbolçu uzaqlaşdırsa da, epizodun sonluğu gəncəlilər üçün uğurlu olub. Belə ki, Şəhriyar Rəhimov hesabı komandasının xeyrinə dəyişib. Qonaqlar qolun oyundan kənar vəziyyətdən vurulduğunu iddia edərək hakimlər briqadasına etiraz ediblər. Amma qərar dəyişməyib və qol qeydə alınıb. Bundan 2 dəqiqədə sonra isə hər iki kollektiv meydanda azlıqda qalıb. Yarımmüdafiəçilər Nicat Qurbanov və Nika Kvekveskiri arasında yaranan xoşagəlməz hadisə nəticəsində hər iki oyunçu qırmızı vərəqə alaraq meydandan qovulub. Bu hesabla barışmayan qonaqlar ikinci yarının əvvəlində bərabərliyi təmin ediblər.  54-cü dəqiqədə avtoqola imza atan Renan da Silva status-kvonun bərpa olunmasına şərait yaradıb. Bu qol həm də qarşılaşmanın yekun hesabı olub. Kəpəz 1- Qəbələ 1 

Roman Qriqorçuk - "Qəbələ"nin baş məşqçisi: "Başa düşürük ki, istənilən halda qalib gəlməli idik.  Futbolçularımdan razıyam. Sonadək vuruşdular. Qalib gəlməyimizə isə obyektiv səbəblər mane oldu. Belə meydanda oynamaq çətindir. Kombinasiyalı oyun göstərmək mümkün deyildi".

Şahin Diniyev - "Kəpəz"in baş məşqçisi: "94 dəqiqədən də çox gərgin və başabaş mübarizə getdi. Həm biz, həm də “Qəbələ” qələbə qazana bilərdi. Amma fikrimcə, “Kəpəz” 3 xala daha yaxın idi. Futbolçular əzmkar, aqressiv futbol oynamağa çalışdılar. Bu oyun heç də ötən tur keçirilən “Qəbələ” – “Qarabağ” matçından geri qalmadı".

Şəhriyar Rəhimov - "Kəpəz"in futbolçusu: "Çempionatın ikinci yarısına çox pis başlamışdıq. Ardıcıl məğlubiyyətlərdən sonra "Neftçi"ylə keçən oyun bizə vacib olan bir xalı qazandıq. Bu gün avroliqada çıxış etmiş "Qəbələ"yə qarşı oynayırdıq. Rəqibdən asılı olmayaraq bizim üçün xal əldə etmək vaxtıydı. Qələbəylə oynayırdıq. Amma hadisələr elə cərəyan etdi ki, qırmızı vərəqəmiz oldu. Buna baxmayaraq heç-heçə pis nəticə deyil. Ağır oyun oldu. Şadam ki, 1 xal qazandıq”.

 

Orxan Cəfərzadə