• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1426
— 01.03.2017 10:16

Azərbaycanda satınalma qaydalarında yeni norma tətbiq ediləcək

KepezTV Player

Yaxın vaxtlarda istehsalçılara bağlanmış müqavilə əsasında avans veriləcək. Avans istehsal olunan malın 25%-i dəyərində olacaq. Bu ixracı da stimullaşdıracaq.

Kənd təsərrüfatı məhsullarının qiyməti tələb təkliflə deyil, ancaq təkliflə tənzimlənir. Tələb artırsa qiymət düşür, tələb azalırsa qiymət qalxır. Ölkəmizdə hazırda yeni yaradılan "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC istehsalçı yaxud fermerlə  müqavilə bağlayıb onun məhsulunu alır. Qiymətlər Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri tərəfindən müəyyən olunaraq tədarük.az portalında yerləşdirilir.

Elşən Əsədov- "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin İdarə Heyətinin sədr müavini: "Məhsulların qiyməti orta topdan satış bazarındakı qiymətlərə uyğundur. Biz aldığımız məhsulların orta topdan satış bazar qiymətlərinə uyğun olaraq alırıq. Orta topdan satış bazar qiymətləri olduğu üçün fermerlər də razıdır".

Hər bir ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatı müxtəlifdir. Buna uyğun bazarın tutumu var. Ona görə aqrar sektorda çalışanları stimullaşdırmaq üçün müxtəlif proqramlar tətbiq olunur.

Elçin Salahov- kənd təsərrüfatı mütəxəssisi: "Şimali Amerika ölkələri və Avropa İttifaqı ölkələrində kənd təsərrüfatı siyasəti əsasən 3 prinsip üzərində qurulub. Xüsusilə Avropa ölkələrində. Birinci kompensasiya və satınalma qiymətləri. Demək olar ki, Avropada 98% məhsula bu tətbiq olunur. İkinci kvota sistemi, yəni istehsal olunan məhsulun həcmi məhdudlaşdırılır. Bununla bərabər yüksək proteksionizm siyasəti həyata keçirilir. Ölkədə istehsal olunan məhsulların analoqları xaricdən idxal olunursa onlara yüksək gömrük rüsumu tətbiq olunur".

Azərbaycanda da satınalma qaydalarında yeni norma nəzərdə tutulub. Bu avans sistemidir. Əvvəlcədən sifariş veriləcək məhsullar olacağından sistemin geniş şəkildə istifadəsini nəzərdə tutulur. Hazırda həmin məhsulların çeşidinin, potensial istehsalçıların müəyyənləşdirilməsi və düzgün seçilməsi istiqamətində işlər aparılır. Çünki məhz həmin məhsulların istehsalı üçün istehsalçının düzgün seçilməsi həm də onun etibarlılığı baxımından olduqca vacibdir.

Elşən Əsədov- "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin İdarə Heyətinin sədr müavini: "Nəzərdə tutulur ki, fermerlərə dövlət ayrı- ayrı məhsullar üzrə tələbatı böyük olan və ölkədə istehsal olunmayan məhsullar üzrə əvvəlcədən sifariş verilsin. Bu məqsədlə də qaydalarda nəzərdə tutulub ki, 25%-ə qədər avans verilə bilər. Yəni dövlət bəzi məhsulların əvvəlcədən sifarişini həyata keçirəcəkdir. Hazırda biz işin üzərində işləyirik. Yaxın zamanda bu istiqamətdə fəaliyyətimiz başlayacaq".

Mütəxəssis avans sisteminin birinci bitkiçilik məhsulları üzrə tətbiq olunmasını məqbul sayır.

Elçin Salahov- kənd təsərrüfatı mütəxəssisi: "Çünki onların saxlanılması üzrə müvafiq infrastuktur var və bu məhsulların saxlanılması xərc tələb etmir və onun vasitəsilə dövlət təklifi nizamlaya bilər. Əgər bazarda qıtlıq yaranırsa ehtiyatı bazara yönəldə bilər. Əgər bolluqdursa məhsulu geri qaytramalıdır. Bu kvota və kompensasiya sistemi ilə birgə tətbiq olunmalıdır. Əks halda mənfi nəticəsi çox ola bilər".

Mütəxəssislər məhsulun dövlət tərəfindən alınmasının daxili bazarda qiymət artımına səbəb ola biləcəyinə də toxunaraq tələbin dəqiq araşdırılmasını labüd sayır.

Jalə Qurbanova