Bu dəfə diqqətsizlik elə sakinlərin özlərinə ziyan vurub. Sevindirici məqam hadisələrdə xəsarət alanın olmamasıdır.
Gəncədə yanğın olub. Hadisə Kəpəz rayonu, İdris Məşədizamanoğlu küçəsində, 50 yaşlı Arif Rüstəmova məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli evdə qeydə alınıb. Nəticədə 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 35 m2 sahədə yanıb. Ümumi sahəsi 12 kv metr olan mətbəx də əşyaları ilə birgə qismən yanıb. Evin qalan hissəsi hadisə yerinə çağrılan yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Hadisəyə səbəb qaz sobasının işlək vəziyyətdə qalması olub.
Asəf Məmmədov - zərərçəkənin qohumu: “Qazdan olub, dünən də hava küləkli idi. Tüstüyə ayılıblar, boğulublarmış, bir də baxıblar ki, hər yer yanır, özlərini güclə çölə çıxarıblar. Bütün evin əşyaları, sənədləri hamısı tamamilə yanıb”.
Daha bir yanğın Tovuz rayonunun M.P.Vaqif küçəsində, Qaratel Ələkbərovaya məxsus ümumi sahəsi 60 m2 olan 3 otaqlı evdə baş verib. Hadisə zamanı evin 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Hadisə yerinə FHN-in Tovuz Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Alovun növbəti ünvanı Şəki şəhəri olub.Vətəndaşa məxsus ümumi sahəsi 126 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın tavanı 10 m² sahədə və evin dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb. Yanğın söndürülüb.
Goranboyun Nadirkənd kəndində isə yanğın iritonnajlı avtomobillərin təmiri və ehtiyat hissələrinin satıldığı obyektdə qeydə alınıb. Qəfil başlayan yanğın küləyin təsirindən daha da şiddətlənib. Nəticədə Tahirə Səfərovaya məxsus, ümumi sahəsi 150 m2 olan sexin yanar konstruksiyaları 70 m2 sahədə yanaraq yararsız hala düşüb. Sexdə olan əşyaların bir qismi obyektdən çıxarılıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Obyekt sahibinə xeyli miqdarda ziyan dəydiyi bildirilir. Hadisənin səbəbləri araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 1109