• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1662
— 23.02.2017 16:03

Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının cüdoçuları Bakıda keçirilən Azərbaycan birinciliyində yüksək nailiyyət əldə ediblər

KepezTV Player

Tatami ustaları ölkə yarışında 5 medal qazanaraq komanda hesabında 2 yeri tutublar. Bakı İdman Sarayında təşkil edilən birincilikdə filialın yetirmələri həm gənclər, həm də yeniyetmələr arasında çıxış ediblər. Gənclərin mübarizəsində mükafatçılar sırasında yer alan Fərid Qəzənfərov 55 kq-da bürünc medala layiq görülüb. Yeniyetmə oğlanların yarışında mərkəzin cüdoçularının iştirakı daha yaxşı alınıb. Belə ki, 42 kq-da Rəvan Novruzov və 46-da Ruslan Xəlilov birinciliyin qalibi adını qazanıb. Zəriflər arasında 32 kq-da Könül Əliyeva da fəxri kürsünün ilk pilləsinə qalxıb. Xumar Əsədova isə 44 kq çəkidə yarışı ikinci sırada tamamlayıb.

Rəvan Novruzov - Azərbaycan birinciliyinin qalibiI: "Çəkimdə 73 idmançı var idi. 6 görüş keçirdim. Görüşlərin hamısında rəqiblərim üzərində tam qələbə qazanaraq Azərbaycan birincisi oldum."

Xumar Əsədova - Azərbaycan birinciliyinin gümüş mükafatçısı: "Çox yaxşı yarış keçdi. 4 görüşə çıxdım. Finalda uduzdum. Gələcəkdə daha yaxşı çalışaraq qızıl medal qazanacağam."

Cüdo bölməsinin əldə etdiyi nəticələrlə bağlı Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında idmançılar, onların məşqçiləri və valideynlərlə görüş keçirilib. Yığıncaqda cüdoçuların qazandığı uğurun mərkəz adına bu günədək əldə edilən ən yüksək nailiyyət olduğu qeyd edlib. Gəncədə cüdonun ənənəsi olan idman növlərindən olduğu vurğulanaraq vaxtilə Təhsil İdman Mərkəzinin Tural Abbasov və Samir İsmayılov kimi tatami ustaları yetişdirdiyi, indi isə onların davamçısı olan İlkin Babazadənin adı çəkilib. Adları vurğulananlar son Azərbaycan birinciliyində nailiyyət qazanan cüdoçulara örnək göstərilib və gələcəkdə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmələri arzulanıb.

İntiqam Hüseynov - TRİM-in Gəncə filialının direktoru: "Bütün bu uğurlar bizim filialın yetimələrinin nailiyyəti olduğu üçün biz sevinirik və bu gün bura yığışaraq bunu qeyd etdik, idmançılarla görüş keçirdik. Gəncə idmanında bu nəticə bizim məktəbimizdə olmamışdı. Bundan sonra da arzulayırıq ki, gələcəkdə də belə tədbirlərimiz, görüşlərimiz çox olsun ki, idmançılarımız ruhlansın və növbəti yarışlarda uğurla çıxış etsinlər."

Görüşün sonunda ölkə yarışında fərqlənən cüdoçular həvəsləndirici hədiyyələrlə təltif olunub.

Orxan Cəfərzadə