“Fitch” beynəlxalq reytinq agentliyi ABŞ prezidenti Donald Trampın yeni iqtisadi siyasətindən ən çox mənfi təsirə məruz qalacaq ölkələrin adını açıqlayıb. Mütəxəssislər bu siyasətin daha çox Asiya ölkələrinə təsir edəcəyinə diqqət çəkir. Xüsusən də ABŞ-ın iqtisadi siyasətində Çinin zəiflədilməsi prioritetdir. ABŞ digər ölkələrə ciddi şəkildə təsir edəcək iqtisadi, maliyyə və məzənnə siyasəti həyata keçirmək niyyətində olsa da hələlik bunu reallaşdırmaq imkanlarına malik deyil.
“Fitch”ə görə, bu siyahıda 12 ölkə və 2 region yer alıb. Agentlik Tramp administrasiyasını beynəlxalq iqtisadi şərtlər və qlobal kredit bazarı üçün risk hesab edir. Belə ki, məlumatda ABŞ-ın proteksionist iqtisadi siyasəti dəstəkləməsinin onunla ticarət münasibətlərində olan bir çox ölkənin gələcək iqtisadi vəziyyətinə təsir edəcəyi qeyd olunub. Yeni prezidentin iqtisadi siyasətinin Asiya və Latın Amerikası ölkələrinə daha çox təsir edəcəyi gözlənilir.
Vüqar Bayramov- iqtisadçı ekspert: “Nəzərə alsaq ki, ABŞ üçün iqtisadi baxımdan Çinin zəiflədilməsi prioritet kimi görünür. Hətta yeni prezident ABŞ dollarının ucuzlaşmasında maraqlı olduğunu və bununla da Çin və digər ölkələrin ABŞ-a idxal imkanlarının zəiflədilməsinə çalışdığını bildirib. Nəticədə bu ondan xəbər verir ki, Çin daxil olmaqla bir sıra Asiya ölkələri ABŞ-ın yeni iqtisadi siyasətinin təsirlərinə daha çox məruz qala bilər".
Tramp məzənnə ilə bağlı iqtisadi siyasəti yenidən tətqiq etmək imkanlarına malik olacaq. Xüsusən dolların məzənnəsi ilə bağlı ABŞ-da iki fərqli yanaşma var. Ağ ev dolların ucuzlaşmasında maraqlı görünür. Amma FES dolların mövcud səviyyəsinin qorunmasında hətta gələcəkdə bahalaşmasında maraqlıdır. Yeni prezidentin yeni siyasətinin Asiya ölkələrinə təsiri həm də mövcud siyasətin hansı səviyyədə davam etdirilməsindən asılıdır. Seçki qabağı kampaniyada həm də Trampın Ağ evə gəldikdən sonra vədlərinə hansı səviyyədə əməl etməsi mövcud vəziyyətə təsir edəcək əsas hadisələrdəndir. İqtisadçı yaxın dövrlər üçün qlobal iqtisadi sistemdə mövcud status-kvonun qorunub saxlanacağını bildirir. Amma...
Vüqar Bayramov- iqtisadçı ekspert: “Əgər ABŞ prezidentinin bəyan etdiyi kimi məzənnə və eləcə də ABŞ kapitalının ölkəyə qayıtması kimi məsələlərdə mövqeyindən geri çəkilməzsə və ya bunu reallaşdıra bilərsə o zaman sözsüz, bu, Asiya ölkələri, xüsusən də Çinə mənfi təsir göstərəcək. Ona görə də bu təsirlərin hansı səviyyədə olması birmənalı şəkildə ABŞ bəyan etdiyi siyasəti reallaşdırmaq üçün hansı dərəcədə davamlı olacaq. Əks halda status-kvo qorunub saxlanacaq".
Trampın qərarlarının risk təşkil etdiyi ölkələr siyahısında Almaniya, Kanada, Yaponiya, Çin, Meksika, Hollandiya, İngiltərə, Honduras, Nikaraqua, Qvatemala, Salvador, Braziliya, Mərkəzi Avropa bölgəsi ölkələri də yer alıb.
Çində çoxlu sayda şirkət “İvanka” ticarət markasını qeydiyyata almağa çalışır. Bu, ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın Çində böyük populyarlığı ilə əlaqədardır. Artıq 65 şirkətin Çinin müvafiq dövlət qurumuna müraciət etməsi barədə məlumat da var. Şirkətlərdən bəziləri İvanka adı üçün Çin heroqliflərindən də istifadə edib. Bu şirkətlərin əsasən, kosmetika, geyim və digər məhsulların istehsalı ilə məşğul olduğu barədə məlumat verilib. Qeyd edək ki, İvanka Tramp Çinin yeni il bayramında Vaşinqtondakı Çin səfirliyinə səfər etdikdən sonra bu ölkədə böyük populyarlıq qazanıb.
Jalə Qurbanova
- Baxış: 619