• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 22.02.2017 11:57

2 oyuna 14 qol

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 2 görüş keçirilib. Son finalçı “Atletiko” “Bayer”in qonağı olub. İspanlar birinci hissədə Saul Nigez və Antuan Qrizmanın qollarıyla fasiləyə öndə yollanıb. Tədricən özünə gələn leverkusenlilər ikinci yarının əvvəlində hesab arasındakı fərqi minimuma endirib. Bellarabi rəqib qapısına yol tapıb. 59-cu dəqiqədə təyin olunan penaltini qola çevirən Kevin Qameyro 2 topluq fərqi bərpa edib. Oyundakı növbəti qol da prineylilərin oyunçusunun ayağına yazılıb. Ancaq Stefan Saviç 68-ci dəqiqədə topu öz qapısına göndərib. Qarşılaşmada sonuncu qola isə Fernando Torres imza atıb. Hücumçu sağ cinah asmasını başıyla çərçivədən keçirərək Atletikoya səfərdə 4:2 qələbə qazandırıb.

Günün digər oyununda Mançester Siti doğma meydanda Monakonu sınağa çəkib. Bu qarşılaşmada azarkeşlər nə az, nə çox düz 8 qol izləyiblər. 26-cı dəqiqədə Rahim Sterlinqlə hesabı açan şəhərlilər 6 dəqiqə sonra qapısından top çıxarmalı olub. Radamel Falkao ikinci mərtəbə rəqib oyunçuları qabaqlayaraq tablodakı rəqəmləri eyniləşdirib. Birinci hissənin başa çatmasına 5 dəqiqə qalmış knyazlıq təmsilçisi Mbappenin qoluyla yerli azarkeşləri ikinci dəfə üzüb. Fasilədən sonra da hücumlarını davam etdirən monakoluların 50-ci dəqiqədə fərqi artırmaq şansı olsa da, Falkao 11 metrlik cərimə zərbəsini boşa verib. Əvəzində 58-ci dəqiqədə Serxio Aquero oyunda ikinci dəfə status-kvonu bərpa edib. Ancaq özlərini qonaq kimi aparmayan gəlmələr 61-ci dəqiqədə yenidən hesabda önə keçiblər. Falkao dubl edərək növbəti dəfə diqqət mərkəzinə düşüb. Kalumbiyalıdan geri qalmayan Aquero 71-ci dəqiqədə küncdən havalandırılan topu bir toxuşla qapıya göndərərək hesabı 3:3 edib. Görüşün sonuna doğru fəallaşan meydan sahibləri daha 2 qol vurublar. 77-ci dəqiqədə Con Stouns fərqlənərək qarşılaşmada ilk dəfə mançesterlilər irəli çıxarıb. 82-ci dəqiqədə isə Leroy Sane yumşaq mərmini boş qapıya göndərməklə yekun nəticəni müəyyənləşdirib. Mançester Siti 5 Monako 3

 

 

Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunu
21 fevral

23:45. “Bayer” (Leverkuzen, Almaniya) - “Atletiko” (İspaniya) - 2:4
Qollar: Saul Niqes, 17 (0:1), Qrizmann, 25 (0:2), Bellarabi, 48 (1:2), Qameyro, 59-pen (1:3), Hernandes, 68 (2:3), Torres 86 (2:4)

23:45. “Mançester Siti” (İngiltərə) - “Monako” (Fransa) - 5:3
Qollar: Sterlinq, 26 (1:0), Falkao, 32 (1:1) Mbappe,  41 (1:2), Aquero, 58 (2:2), Falkao, 61 (2:3), Aquero, 71 (3:3), Con Stounz, 77 (4:3), Sane, 82 (5:3)

 

 

 

Orxan Cəfərzadə