• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1688
— 20.02.2017 15:43

Gəncəli şahmatçı Azərbaycan ikincisi oldu

KepezTV Player

Bakıda şahmat üzrə qadınlar arasında keçirilən Azərbaycan çempionatında gəncəli təmsilçisi mükafatçılar sırasında yer alıb. Bu, 21 yaşlı şahmatçı Ülviyyə Fətəliyevadır. 20 iti zəka sahibinin iştirak etdiyi ölkə çempionatında Fətəliyeva gümüş medal qazanıb. O, 9 turdan 6 xal yığıb. Ülviyyə 5 görüşdə qələbə qazanaraq, 2 oyunda heç-heçə edib və daha 2 dəfə məğlubiyyətə üzülüb. 

Ülviyyə Fətəliyeva –şahmatçı: "İdmançı yarışa gedəndə əlbəttə ki, ən yaxşı nəticəni göstərmək istəyir. Uğur əldə etmək üçün də əziyyət çəkmək lazımdır. 1, 2, 3-cü yerlərə iddialısansa, əvvəlcədən yarışa yaxşı hazırlaşmalısan. İstənilən yarışa yollananda ən yaxşısını düşünərək, ən yaxşı yerləri arzulayaraq gedirsən. Ona uyğun da gözləməyə başlayırsan".

Ülviyyə Fətəliyeva bunadək böyüklər arasında təşkil edilən Azərbaycan çempionatlarında ən yaxşı halda bürünc medala sahib çıxmışdısa, indi daha uğurlu çıxış edərək kolleksiyasına gümüş mükafatı əlavə edib.

Şaiq Quliyev - Ülviyyə Fətəliyevanın məşqçisi: "Ülviyyə Fətəliyeva dünya və Avropa çempionatlarında yüksək nəticələr əldə edib. Çıxış etdiyi yarışların əksəriyyətində mükafatçı yerlərdə qərarlaşıb. Onun Azərbaycan çempionatındakı sonuncu nailiyyətini daha yaxşı hesab edirəm".

Gənc mütəxəssis yetirməsinin Azərbaycan çempionu olacağına da əminliyini ifadə etməklə onun gələcəkdə daha böyük nəticələrə imza ata biləcəyinin fərqindədir.

Şaiq Quliyev -Ülviyyə Fətəliyevanın məşqçisi: "Təbii ki, Ülviyyə Fətəliyevadan bu nəticəni çoxdan gözləyirdim. Ümid edirəm ki, o, Azərbaycan çempionu olmaq gücündə olan bir şahmatçıdır. Ülviyyənin gənc yaşda olması hələ onun potensial imkanlarının tam açılmadığını göstərir. Yəni, potensial imkanları daha geniş şəkildə açılandan sonra o da yaxşı nəticələr əldə edəcək. Mən buna tam səmimi inanıram".

Azərbaycan çempionatında Ülviyyə ilə yanaşı, Gəncə şahmat məktəbinin daha iki yetirməsi qüvvəsini sınayıb. Onlardan Səbinə İbrahimova 8-ci,  Zeynəb İsmayılzadə isə 18-ci olub.

 

Orxan Cəfərzadə