• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1278
— 20.02.2017 10:14

Məhsulların qablaşdırılması sahəsində sərt tələblər qoyulmalıdır

Məhsulun keyfiyyəti qədər onun qablaşdırılması da vacibdir. Ancaq təəssüf ki, ölkədə uzun illər bu sahə diqqətdən kənarda qalıb. Mütəxəssislər qablaşdırma sahəsində sərt tələblərin qoyulmasını məqbul sayır. Bu həm daxili, həm də xarici bazar üçün önəmlidir.

Şahin Quliyev- texnika üzrə fəlsəfə doktoru: "Hətta ən gözəl məhsul belə istehsal etsək onu müəyyən səviyyədə qablaşdıra bilməsək onu dünya bazarına çıxara bilmərik. Hətta öz bazarımızda belə rəqabətə dözməyə bilər. Bundan başqa məhsulun qablaşdırılması insanlara zərərsiz olmalıdır. Əgər qablaşdırma sxemi və materialı düzgün seçilməsə məhsula ziyan vura, onunla kimyəvi reaksiyaya girə, məhsul xarab ola, hətta insan sağlamlığına, təbiətə belə ziyan vura bilər".

Qablaşdırma iqtisadiyyatın digər sahələri ilə sıx əlaqədə fəaliyyət göstərir və qablaşdırma sənayesinin məhsullarından digər sektorlarda geniş istifadə olunur. Hazırda plastik kütlədən tara materialları üzrə özünü təminat səviyyəsi 63%, kağız və kartondan tara materialları üzrə 57%, butulka və digər şüşə taralar üzrə 33%-dir. Azərbaycanda sənaye və kənd təsərrüfatının inkişafı, istehsal və emal sahələrinin genişlənməsi, ixrac imkanlarının artması qablaşdırma sənayesinin genişləndirilməsini zəruri edir. Arıçılar assosiasiyası da ölkədə istehsal olunan məhsulların bazara çıxarılmasında, tanıdılmasında və ixracında keyfiyyət ilə yanaşı, müasir qablaşdırmanın önəmini vurğulayır.

Bədrəddin Həsrətov- Arıçılar Assosiasiyasının rəhbəri: "Biz arıçılıqda müəyyən dövr yaşadıq. O zaman qablaşdırma o qədər də önəmli deyildi. Yəni istədiyimiz formada balı sata bilirdik. Banka yaxud balonda satırdıq. Hər yerdə satırdıq. Amma indi dövr dəyişib. Artıq müxtəlif formalarda qablaşdırma başlayıb. Həm daxili bazarda yerli alıcıların zövqünü oxşaması üçün, həm də son vaxtlar kifayət qədər turistlərin gəldiyini nəzərə alsaq onlar da buradan gedəndə bal alıb aparır. Lazımdır ki, bal normal bir qablaşdırmada olsun".

Müasir qablaşdırma istehsalının genişləndirilməsi üçün yerli istehsalçıların tələbatına uyğun sifarişlərin həyata keçirilməsi lazımdır. Bu istiqamətdə sahibkarlar arasında əməkdaşlıq gücləndirilməlidir.

Şahin Quliyev- texnika üzrə fəlsəfə doktoru: "Qablaşdırma avadanlığı müasir səviyyədə olmalıdır. Belə bir sxem var ki, məhsul tarladan birbaşa insan əli dəymədən qablaşdırılaraq istehlakçıya çatsın. İnkişaf etmiş ölkələrdə qablaşdırmaya qarşı tələblər daha ciddidir. Sərtdir. Bizdə də sərt tələblər qoyulmalıdır. Qablaşdırma məhsulun istehsalında mühüm rol oynadığında onu mütləq yaxşı formada sona çatdırmaq lazımdır".

Artıq Azərbaycan Arıçılar Assosiasiyası ilk addımı atıb. Həm daxili, həm də xarici bazarın alıcıları üçün satılacaq bal xüsusi qablarda istehsal olunacaq.

Bədrəddin Həsrətov- Arıçılar Assosiasiyasının rəhbəri: "İstədiyimiz qabı tapa bilirikmi axtaranda? Çox çətindir. Əsasən İran, Rusiya, Türkiyədən alırıq. İdxal edirik. Bizə çox baha başa gəlir. Artıq bir neçə yerli firmalarla danışıqlar gedir. Müəyyən forma vermək istəyirik. Azərbaycan Arıçılar Assosiasiyasının müəyyən bir qab forması olsun. Assosiasiyanın üzvləri həmin qablardan alıb balı ona doldurub satsınlar".

Bununla yanaşı, tək- tək arıçıların gücü çatmır ki, baha qiymətə olan qablaşdırma avadanlıqlarını respublikaya gətirsin. Ona görə qablaşdırma sahəsində dövlət dəstəyi mütləqdir. İqtisadiyyat Nazirliyinin məlumatına görə "qablaşdırma sahəsinin inkişafına dəstək vermək, yerli məhsulların tanıdılması və qablaşdırma sahəsində fəaliyyət göstərən sahibkarlarla istehsalçıların əlaqələrinin genişləndirilməsi vacibdir. Ona görə qablaşdırma sahəsində fəaliyyət göstərən və ya yeni fəaliyyətə başlamaq istəyən sahibkarlar Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən, həmçinin investisiya təşviqi və digər dəstək mexanizmlərindən yararlana bilərlər".

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 3-cü ilinin yekunlarına həsr olunmuş Konfransda da Prezident İlham Əliyev digər sahələrlə yanaşı, müasir standartlara cavab verən qablaşdırmanın təşkili və bu sahədə idxaldan asılılığın azaldılması barədə tapşırıqlar verib.

İlham Əliyev- Azərbaycan Prezidenti: "Əfsuslar olsun ki, biz bu sahədə də hələ idxaldan asılıyıq. Qablaşdırma o qədər də böyük məsələ deyil ki, biz bunu həll edə bilməyək. Xüsusilə nəzərə alsaq ki, bizdə bazarın həcmi və əhali artır, indi istənilən tara və qablaşdırma Azərbaycanda təşkil edilməlidir. Bunu həm Sahibkarlığa Kömək Milli Fondu, eyni zamanda, sahibkarlar özləri də nəzərə alsınlar".

 

Jalə Qurbanova