• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1649
— 19.02.2017 20:48

Yol terroru can almaqda davam edir

KepezTV Player

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində yol qəzası qeydə alınıb. Sabirabad rayon sakini, 25 yaşlı Yunis Əsgərovun idarə etdiyi kiçik tutumlu yük maşını Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn “BMV” markalı minik avtomobili ilə toqquşub. Zərbə güclü olduğundan yük maşını yolun kənarına aşıb, minik avtomobili isə yararsız hala düşüb. Qəza nəticəsində “BMV”-nin sürücüsü, Ocaqlı kənd sakini Mirəhməd Ağayev və onun həmkəndlisi Şakir Babayev hadisə yerində dünyasını dəyişib. Yük maşınının sürücüsü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin olaraq qəzaya səbəb, buz bağlayan yolun sürüşkən olması göstərilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. Qəza zamanı dünyasını dəyişən Mirəhməd Ağayev Ocaqlı kənd orta məktəbinin direktoru idi.

Daha bir yol qəzası Bərdə rayonunda olub. 21 yaşlı Nicat Məmmədli rayon mərkəzi bazarının qarşısında dayanmış VAZ 2107 markalı avtomobili qaçırıb. Gənc idarə etdiyi nəqliyyat vasitəsini ağaca çırpıb. O, xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Gəncədə baş verən avtomobil qəzasında sürücü xəsarət alıb. Hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Gəncə sakini 33 yaşlı Əli Bədəlov “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən qarşı tərəfdən gələn Samux rayon Nəbiağalı qəsəbə sakini 25 yaşlı Mehdi İmanovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə toqquşub. Qəza zaman VAZ-ın sürücüsü xəsarət alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona sol aşıq-baldır oynağının bağlarının gərilməsi diaqnozu qoyulub. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti yaxşı olduğundan ambulator müalicəyə göndərilib. Hadisənin səbəbi araşdırmalardan sonra bəlli olacaq.

Zülfiyyə Telmanqızı