• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 18.02.2017 15:35

Xaricdə təhsil almaq istəyənlər- GDU-da “Uğura tələs”...

KepezTV Player

Bu aydan başlayaraq qərb bölgəsindən xaricdə təhsil almaq istəyənlər “Uğura tələs” şüarı ilə Gəncə Dövlət Universitetində imtahan verəcəklər. Abituriyent və tələbələr imtahanın nəticəsi olaraq aldıqları sertifikatla istənilən xarici ölkə universitetlərində təhsil ala bilərlər. 

Elgün Şirinov- abituriyent: “Bakıda imtahan dolu idi, yer yox idi. Ona görə bu ayın 25-i Gürcüstana gedəcəkdim. Amma sonra xəbər aldım ki, Gəncədə də İELTS mərkəzi var və çox sevindim. Çünki bu mənim üçün həm rahat idi, həm də yaxın idi”.

Ən böyük arzusu ABŞ-dakı universitetlərdən birində texnologiyalar və ya beynəlxalq əlaqələr üzrə təhsil almaq olan Elgün Şirinov Şəmkirdə 11-ci sinifdə oxuyur. O, qərb bölgəsi üzrə xaricdə təhsil almaq istəyən 5 nəfərdən biridir. İngilis dilində olan imtahanda sualları cavablandırmaq üçün onlara 3 saat vaxt verilib. Bu müddətdə iştirakçılar yazı, oxu, danışıq və dinləmələrdən bildiklərini nümayiş etdirib.

Aysel Nuriyeva- İELTS imtahanının koordinatoru: “Sessiyadan asılı olur, yay sessiyası, qış sessiyası ona görə bir az rəqəm dəyişir. Amma 4-5 min tələbə bu imtahanda iştirak edir. Bir çox nailiyyətlər əldə etmişik. 2013-cü ildə ən çox namizəd sayına görə, Avstraliya şirkəti tərəfindən mükafata layiq görülmüşük. Naxçıvanda da 2015-ci ilin may ayında keçirilib. İndi Gəncə şəhərində keçirilir. Yavaş-yavaş başqa regionlara da keçəcəyik ki, namizədlərin Bakıya gəlməyə ehtiyacı olmasın”.

İmtahanlar bağlanan müqaviləyə əsasən 1 il müddətində ayda bir dəfə Gəncə Dövlət Universitetində keçiriləcək. Müraciətlər çox olsa müqavilənin vaxtı uzadılacaq.
 

Mehdi Rəhimov- Layihənin GDU üzrə koordinatoru: “Tələbələr tələb olunan balı  topladıqda ən yüksək bal 9 hesab olunur, universtetin tələbindən asılı olaraq bu imtahan sertifikatını alır.  İstər ödənişli təhsil almaq istəyənlər, istərsə də ödənişli olmayanlar Avropanın, Yaxın Şərqin, Türkiyənin universitetlərində bundan faydalana bilərlər”.

İmtahanda iştirak etmək üçün 2 ədəd fotoşəkil, şəxsiyyəti təsdiq edən sənədin sürətini GDU-ya təqdim etmək lazımdır. İmtahanda iştirak ödənişlidir. Nəticələr isə imtahan verildikdən 13 gün sonra məlum olacaq. Sertifikat alanlar isə 2 il müddətinə dünyanın istənilən universitetlərində təhsil almaq imkanı qazanacaqlar.

Elnur Vahidoğlu