"Alman Akademik Mübadilə Xidmətinin" Bakı Məlumat Mərkəzinin ofis rəhbəri xanım Stefani DuFauks Gəncədədir. O, AMEA-nın Gəncə bölməsində müxtəlif elmi sahələrdə çalışan tədqiqatçı və doktorantlarla görüşüb. "Alman Akademik Mübadilə Xidmətinin", yəni DAAD-in fəaliyyəti, həyata keçirilən layihələr və tələbə-müəllim mübadiləsi danışıqların məğzini təşkil edib. DAAD-in təqdim etdiyi təqaüd proqramları müxtəlif sahələri əhatə etdiyindən, gənclərin bilik və bacarıqlarının artırılması üçün yeni imkanlar yaradır. 91 yaşlı təşkilat beynəlxalq əməkdaşlıq sahəsində ən böyük maliyyələşdirici qeyri-dövlət qurumu hesab edilir. DAAD uzun illərdir AMEA və Təhsil Nazirliyi ilə əməkdaşlıq edir.
Stefani DuFauks- Alman Akademik Mübadilə Xidmətinin Bakı Məlumat Mərkəzinin ofis rəhbəri: “Biz uzun illərdir Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq edirik. İndi tələbə-müəllim mübadiləsi ilə yanaşı, elmi- tədqiqat işlərinin aparılmasını da planlaşdırırıq. Düşünürük ki, bu sahədə Azərbaycanın regionlarında imkanlar daha çoxdur. Məsələn, biz gələcəkdə aqrar sahədə elmi tədqiqatların aparılmasını və qarşılıqlı mübadilənin həyata keçirilməsini hədəfləyirik. Ölkədə olan yeganə Aqrar Universitet də Gəncədə yerləşdiyindən, həmin ali təhsil müəssisəsi ilə də əməkdaşlığı genişləndirmək fikrindəyik”.
Gülnar Fazilqızı
- Baxış: 620