Avropanın yaşıl meydanlarında qitə miqyaslı turnirlərin həyəcanı bu gün də davam edəcək. Çempionlar Liqasının ardından Avropa Liqasında mübarizənin yeni mərhələsinə - pley-off oyunlarına start veriləcək.
İndi 12 qrupun ən yaxşı iki, ümumilikdə turnirin 32 komandası 1/16 finala vəsiqə qazanıb trofey uğrunda iddiasını davam etdirmək üçün yarışacaq.
Şübhəsiz ki, azərbaycanlı futbol azarkeşlərinin əsas diqqəti Türkiyə klublarının iştirakı ilə keçiriləcək oyunlara yönələcək. Söhbət Fənərbaxça, Beşiktaş və Osmanlıspordan gedir. Maraqlıdır ki, qardaş ölkənin təmsilçilərinin hər üçü səfərdə çıxış edəcək. Sarı-lacivərdlilər Krosnadarın, qara qartal Hapoelin, osmanlılar Olimpiakosun qonağı olacaqlar. Fənərbaxça və Beşiktaşla müqayisədə sonuncuların Yunanıstan kollektivi önündə şansı daha az qiymətləndirilir. Amma necə deyərlər, meydan düz, top yumru. Bu gün əgər Barselona biabırçı hesabla uduzursa, onda Olimpiakosu dağın başına qaldırmağa ehtiyac yoxdur.
Rusiya klublarından Zenit Qəbələnin bacarmadığı Anderlextin qonağı olacaqsa, Rostov evdə Sparta Praqa ilə üz-üzə gələcək. Bu mövsüm ilk dəfə qatıldığı Çempionlar Liqasının qrup mərhələsindəki çıxışları ilə diqqətləri özünə yönəltməyi bacaran komanda çexlərlə görüşün favoriti hesab olunur.
Avroliqada “Qarabağ”ın rəqibi olmuş Fiorentinanın bəxtinə bu mərhələdə daha çətin komanda düşüb. Bənövşəyilər Münhenqladbax Borussıyası ilə görüşəcəklər. 1/32-də Ukraynanın Şaxtyor klubunu da gərgin mübarizə gözləyir. Donetsklilər Selta Viqo ilə cüt təşkil ediblər. Daha çox Çempionlar Liqasında görməyə alışdığımız Mançester Yunayted – Sent-Etyeni qəbul edəcəy, Roma isə səfərdə Vilyarealın qonağı olacaq.
16 fevral
Avropa Liqası
1/16 final mərhələsinin ilk oyunları
20:00. “Krasnodar” (Rusiya) – “Fənərbaxça” (Türkiyə)
22:00. “Astra” (Rumıniya) – “Genk” (Belçika)
22:00. “Alkmaar” (Hollandiya) – “Lion” (Fransa)
22:00. “Borussiya” (Mönhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya)
22:00. “Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna)
22:00. “Rostov” (Rusiya) – “Sparta” (Çexiya)
22:00 “Gent” (Belçika) – “Tottenhem” (İngiltərə)
22:00. “Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka)
22:00. “Olimpiakos” (Yunanıstan) – “Osmanlıspor” (Türkiyə)
00:05. “Anderlext” (Belçika) – “Zenit” (Rusiya)
00:05. “Atletik” (İspaniya) – APOEL (Kipr)
00:05. “Hapoel” (Beer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə)
00:05. “Legiya” (Polşa) – “Ayaks” (Hollandiya)
00:05. “Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyenn” (Fransa)
00:05. PAOK (Yunanıstan) – “Şalke” (Almaniya)
00:05. “Vilyarreal” (İspaniya) – “Roma” (İtaliya)
Azad Rəfi
- Baxış: 300