• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 16.02.2017 13:11

Bakı və Gəncədə qanlı olaylar baş verib

KepezTV Player

Vaxt bütün qapıları səbrli insanların üzünə açır. Səbri əldən verib qol gücünə, silah gücünə arxayın olanlar isə azadlığın qapılarını öz əlləri ilə bağlayırlar. Bakı və Gəncədə baş verən qanlı olaylardan danışacağıq. Təəssüf ki, hadisələrdən birində 33 yaşlı şəxs həyatla vidalaşmalı olub.

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. Zeynal Xəlil küçəsi, 307 saylı evin sahibi qapısının kənarında naməlum kişi meyiti olduğunu görüb. O, dərhal polisə məlumat verib. Hadisə yerinə prokurorluq və polis əməkdaşları gəliblər. Müayinə zamanı meyidin üzərində iki bıçaq xəsarətinin olması müəyyən edilib. Ətrafda yaşayanlar qətlə yetirilən şəxsin yaxınlıqda kirayədə yaşadığını bildiriblər. Daha sonra hadisə yerinə mərhumun qardaşı gəlib. Aydın olub ki, öldürülən Gəncə şəhər sakini 33 yaşlı İslam Hüseynovdur. Meyid müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb. Faktla əlaqədar cinayət işi başlanıb. Hadisəni törədən şəxsin axtarışları davam edir.

Gəncədə də bıçaqlanma hadisəsi olub. Kəlbəcər Rayon Polis Şöbəsinin nəzdində fəaliyyət göstərən polisə ictimai dəstək qrupunun üzvü, 24 yaşlı Şəhriyar Salehli məcburi köçkünlər üçün salınan qəsəbədə xidmət apararkən bıçaqlanıb. Xəsarət alan şəxs iş yoldaşlarının köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə aparılıb və müayinə zamanı iki bıçaq yarası aldığı məlum olub. O, dərhal əməliyyat edilib. Şəxsi yaralamaqda şübhəli bilinən Kəlbəcərdən olan məcburi köçkün saxlanılıb. İlkin məlumata görə, hadisə mübahisə zamanı baş verib.

Faktlarla bağlı araşdırma aparılır.
 

Zülfiyyə Telmanqızı